Son Olimpiadada kanoe yarışlarında Azərbaycana bürünc medal qazandırmış kayakçı İnna Osipenko-Radomskayanın dopinq test verməkdən imtina etdiyinə görə Beynəlxalq Kanoe Federasiyası tərəfindən dörd illik cəzalandırıldığını xəbər vermişdik.
ÇıxışYolu.Com bu məqsədlə Milli Avarçəkmə Federasiyasının sabiq vitse-prezidenti, hazırda Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru olan Natiq Abbasovla əlaqə saxlayıb.
O bildirib ki, ukraynalı idmançı Olimpiadadan sonra millimizin məşqçisi olmalıymış:
“Rio Olimpiadasından sonra biz onun millidə məşqçi işləməsində maraqlı idik. O da bizə Ukraynadan idmançılar gətirməli idi. Lakin anlaşa bilmədik deyə, onunla əməkdaşlığımız başa çatdı”.
Federasiyanın texniki direktoru Leyla Əliyeva isə bildirdi ki, İnna ailəsinə görə test verməyib:
“Onun Azərbaycandan ayrılmasının səbəbi ailə məsələləridir. O, vətənində – Ukraynada ailəsinin yanında qalmağa üstünlük verdi. Biz də bunu anlayışla qəbul edib, onun Ukraynaya getməsinə icazə verdik.
Yaxınlarda övladı dünyaya gəlmişdi. Görünür, məhz buna görə test verə bilməyib. Lakin bu hələ onun dopinq testdə ilişməsi demək deyil. Üstəlik, onun qərardan İdman Arbitraj Məhkəməsinə şikayət etmək üçün vaxtı var”.
Leyla Əliyeva onu da qeyd edib ki, artıq onun yerinə Rumıniyadan idmançıları var:
“Olimpiadadan sonra bizdə İnnanın yerinə rumıniyalı Marina-Lorena Manolika yarışır. O, bizi gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında təmsil edəcək. Manolika bu lisenziyanı Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında qazanıb.
O, iyulda Bolqarıstanda keçirilmiş 23 yaşadək dünya çempionatında, həmçinin Portuqaliyadakı böyüklərin dünya çempionatında iştirak edib.
Yeri gəlmişkən, Rio Olimpiadasında medal qazanmış digər idmançımız Vladimir Demyanenkonun əvəzinə isə kanoeçimiz Vadim Hüseynov bizi təmsil edir. Lakin onun hələ beynəlxalq təcrübəsi çox deyil”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com