e9fdfb93-87f1-4075-8f98-253422df828e..jpg

Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”

Baxış sayı: 548 dəfə baxılıb.

Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əkin torpaqları pasportlaşdırılmalıdır və bu pasportda torpaq, ona qulluq və
s. barədə görülən işlər qeyd edilməlidir. Lakin bu gün belə bir pasport hələ də
yoxdur”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə
jurnalistlər üçün təşkil edilən aqrar sığorta təlimində çıxış edən fermer
Rövşən Şərifov deyib.

Xaçmazda fındıq sahəsi olan fermer deyir ki, bu gün torpaqların pasportları
işlənməyib:

“Bunu Aqrar Sığorta Fondu işləməyəcək, onun profilinə aid deyil, Kənd
Təsərrüfatı Nazirliyi (KTN) etməyəcək. Bu məsələ birgə əməkdaşlıq çərçivəsində
işlənilməlidir. Sovet dövründə Azərbaycanın bütün əkin torpaqları
pasportlaşdırılmışdı. Əfsuslar olsun ki, həmin dövrə aid pasportlar haradadır,
aqibəti necə oldu – bilən yoxdur. Torpağı hər kəs qorumalıdır. Amma bir fermer
kimi mən özüm belə, əkin torpağımı tam qoruya bilmirəm. Pasportu yoxdur və əkin
torpağının keyfiyyət göstəriciləri, baxım mexanizmləri tənzimlənə bilmir”.

Fermer onu da əlavə edib ki, 2022-ci ildə fındıq sahəsindən gözlədiyi məhsulu
əldə edə bilməyib:

“Təxminən yeddi hektar fındıq sahəsindən mən 30 min manata qədər məhsul
götürməyi gözləyirdim. Lakin bir sıra səbəblərdən – tozlanma, yağış, təbiət
hadisələri səbəbindən 10 min manatlıq məhsul götürə bildim. Bizim işimiz
təbiətin şıltaqlığından asılıdır. Fermer olaraq biz öz üzərimizə düşənləri –
aqrotexniki qulluq, bitkinin qorunması və s. edirik.

Mən o vaxt könüllü olaraq Aqrar Sığorta Fondu ilə müqavilə imzalamışdım. O
müqaviləyə əsasən, nisbətən də olsa, sığorta ödənişi aldım. Aqrar Sığorta Fondu
2022-ci il üçün yeddi hektar fındıq sahəsində təbiət hadisələri səbəbindən
məhsula dəyən ziyana görə beş min manat sığorta ödənişi verdi. Əslində, bu
bizim gözləntilərimizdən az idi. Amma beş min manat özü də ilkin mərhələdə
köməkdir. Aqrar Sığorta Fondu bu gün bütün ziyana sığorta ödənişi edə bilməz.
Düşünürəm ki, bu sistem daha da təkmilləşdirilməlidir”.

Könül Cəfərli

Source link