67f3965f-92fd-4a4f-987b-19e5797d05b3..jpg

Fermerdən ucuz alınan məhsul marketdə niyə üç-dörd dəfə bahadır? – ŞƏRH + FOTO

Baxış sayı: 880 dəfə baxılıb.

Fermerdən ucuz alınan məhsul marketdə niyə üç-dörd dəfə bahadır? – ŞƏRH + FOTO

Sosial şəbəkələrdə yerli istehsal olan kənd təsərrüfatı məhsullarının böyük
marketlərdə baha qiymətə satıldığını əks etdirən fotolar paylaşılır. Ən çox
müzakirələrə səbəb olan isə “Şəmkir kartofu” adı ilə satılan məhsulun
qiymətinin 4 manata olmasıdır. İstifadəçilərin bir qismi kartofun rayonlarda
fermerlərdən dəfələrlə ucuz qiymətə alınıb, Bakıda baha satılmasından şikayət
etdiyi halda, digər bir qisim məhsulun, ümumiyyətlə, yerli istehsal olmadığını,
xaricdən idxal edilən malların yerli məhsul adı ilə satıldığını iddia ediblər.

Bütün hallarda, kənd təsərrüfatı məhsullarının fermerlərdən ucuz alınmasının
onları ruhdan saldığı, kənd təsərrüfatının inkişafına mane olduğu qeyd edilir.

Məsələ ilə əlaqədar Cixisyolu.com-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli isə
fermerlərin satış prosesinə qoşulmasının düzgün olmadığını qeyd edir. Onun
sözlərinə görə, fermer istehsalla, tədarükçü və təchizatçı şirkət məhsulun
fermerdən alınıb, bazara çıxarılması ilə, marketlər və mağazalar isə satışla
məşğul olarsa, düzgün sistem sayıla bilər:

“Fermerlərin istehsal etdiyi, tarlalarda olan məhsullarla satış üçün rəflərə
qoyulan məhsullar arasındakı ciddi fərq həmişə müzakirə mövzusudur. Dünyanın
çox ölkələrində elə qonşu Türkiyədə də illərdir bu problem var və tam həllini
kimsə tapa bilmir. Hazırda bizdə fermerlərdən məhsulun alınması, bazara
çıxarılması işi ilə məşğul olan qurum Aqrar Tədarük və Təchizat Açıq Səhmdar
Cəmiyyətidir. Bu qurum məhsulları fermerdən alır, bazardakı strukturlara təqdim
edir. Hətta strukturların bir-biri arasında alğı-satqı həyata keçirməsinə
dəstək verən ticarət sisteminin yaradılması haqqında da qərar var idi. Amma
yüzlərlə təchizatçı şirkət var ki, malı fermerdən alıb, gətirib burada satır.

Uzun illərdir, müzakirə etdiyimiz məsələ isə fermerlərin özünün satış həyata
keçirməsi üçün şərait yaradılıb-yaradılmamasıdır. Düşünürəm ki, bu doğru
yanaşma deyil. İstehsaldan istehlaka gedən yolda həm istehsalçı, həm də tədarük
şirkəti olmalıdır. Fermer istehsalçı öz işinin üzərində durub, istehsalla
məşğul olmalıdır. Bunun satışını və daşımasını təmin edəcək təchizat şirkətləri
də olmalıdır. Biz bunu qəbul etməli və dəstəkləməliyik. Fermer öz işi ilə,
təchizatçı öz işi ilə məşğul olmalıdır. Sadəcə bazarda satış nöqtələrinə
giriş-çıxış imkanlarının genişləndirilməsi, rəqabət şərtlərinin
yaxşılaşdırılması, təchizat şirkətlərinin sayının artması fonunda rəqabət
yaranarsa, bazarda qiymətlərin daha münasib tənzimlənməsinə gətirib çıxara
bilər. Dolayısı ilə yaranan bir çox təchizat şirkətlərinin bazarlara çıxışı,
onların rahat şəkildə mal gətirib satmaları həyata keçirilsə, mal və ərzağın
standartlara uyğun yerlərdə saxlanması və satılmasının həyata keçirilməsi
mümkündür. Problemin həlli o qədər də asan görünməyə bilər. Amma mənə elə gəlir
ki, mümkün variantlar işlənməlidir”.

Aysel Aslan

Source link