4c907815-b579-42d4-8352-f1d8a5af2312..jpg

Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? – SƏBƏBLƏR

Baxış sayı: 794 dəfə baxılıb.

Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? – SƏBƏBLƏR

Bu günlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov verdiyi
açıqlamasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin qorunması üçün tələb olunan sığorta ödənişlərinin elə də yüksək
olmadığını bildirib.

1 000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində
sığorta ödənişi tələb edildiyini söyləyən F.Sadıqovun sözlərinə görə, meyvə
bağlarının sığortalanmasında bu məbləğ 1 000 manatlıq məhsul üzrə 15-20 manat
arasında dəyişir.

Amma bir çox hallarda fermer və sahibkarlar bu məbləğin yüksək olduğunu və
onlara sərf etmədiyini bildirirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Akif
Nəsirli bildirib ki, bəzi fermerlər sığortaya yönələn xərcləri itirilmiş məbləğ
adlandırırlar:

“Bu gün onlar “heç bir hadisə baş verə bilməz” düşüncəsi ilə yaşayırlar. Digər
tərəfdən isə fikirləşirlər ki, əgər taxıl və ya hansısa sahələrini sel məhv
edərsə, sığortaya çəkilən xərcə rəğmən, dəyən ziyan ödənilməyəcək. Sığorta
bazarı son illərdə çox həssaslaşıb. Buraya daxil olan ilk növbədə özünü təsdiq
etməlidir. Belə ki, fermer həm sığorta hadisəsini, həm baş verən itkinin
hesablanmasını, həm də sığorta şirkəti tərəfindən qarşılanmasını gözləri ilə
görməlidir”.

Sahibkarların çoxunun öz sahələri üzrə təhsil almadığını, beynəlxalq
təcrübədən xəbərsiz olduqlarını söyləyən müsahibimiz fikrini belə əsaslandırıb
ki, bu baxımdan da sığortanı əhəmiyyətsiz hesab edirlər:

“Ancaq təhsilli, dünyagörüşü geniş, beynəlxalq təcrübəni bilən fermerlər üçün
sığorta etdirmək mühüm sayılır. Onlar ölkədə Aqrar Sığorta Fondu yaranana qədər
digər şirkətlərlə əməkdaşlıq edir, torpaq sahələrini, meyvə bağlarını, yaxud da
heyvanlarını mütəmadi sığortalamağa çalışırlar”.

Adıçəkilən fondun açıqladığı şərtlərin yüngül olduğunu söyləyən A.Nəsirli,
eyni zamanda, bununla kifayətlənməməyi tövsiyə edib:

“Digər şirkətlər də bununla bağlı fermerlər arasında maarifləndirmə tədbirləri
aparmalı, reklam lövhələri və rolikləri hazırlamalı və sığortanın əhəmiyyətini
başa salmalıdırlar. Elə fermer var ki, sığortadan xəbəri yoxdur və nə olduğunu
bilmirlər. Ona görə də heç vaxt sığorta hadisəsi ilə üz-üzə gəlmədiyini və buna
ehtiyacı olmadığını söyləyirlər. Bir sözlə qlobal və geniş düşünmürlər. Amma
bilməlidirlər ki, digər həmkarlarının başına hər iş gələ və təsərrüfatları bir
anda hər hansı bir hadisəyə məruz qala bilər. Bilməlidirlər ki, ödədikləri
məbləğ həcmindən asılı olaraq, sabah başqa bir həmkarlarının köməyinə çata
bilər.

Bunu da həm Aqrar Sığorta Fondu, həm də aqrar sığorta sahəsində fəaliyyət
göstərmək istəyən istənilən şirkət həmin şəxslərə izah etməlidir. Ancaq bu
şirkətlərin heç biri belə tədbirlərlə məşğul olmaq istəmir”.

Source link