Fermerlər şikayətçidirlər: “Məhsulumuzu 70 qəpikdən alırlar. Heç sahədə
işləyən fəhlənin pulu deyil” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çiyələk bu il çox tez ucuzlaşıb. Mövsümün əvvəlindən üç manata satılan
çiyələyin qiyməti iki həftə keçməmiş bir manata düşüb. Cəlilabadda çiyələyin
qiyməti dörd dəfə ucuzlaşıb. Fermerlər deyirlər ki, hazırda toplanan məhsul
çeşidinə görə xarici bazara bir manat, daxili bazar üçün isə 80 qəpiyə satılır.
Lakin qazanc əldə etmək üçün çiyələyin hər kiloqramını azı iki manata
satmalıdırlar. Bu ucuzlaşma fonunda məhsuldarlıq hansı səviyyədədir? Gələcəkdə
çiyələyin qiymətində artım baş verə bilərmi?
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
“Satışımız çox zəifdir”
Fermer Rafət Abbasovun sözlərinə görə, bu il hava şəraiti daha mülayim olduğu
üçün məhsul həddindən artıq boldur: “Son 2-3 ildir ki, məhsul cəhətdən heç bir
problem yaşamırıq. Bu da istilərin daha tez düşməsi ilə bağlıdır. Ancaq bazar
qiymətləri bizi qane etmir. Daxili bazarımıza məhsulu göndəririk, 70 qəpikdən
alırlar. Bu, heç sahədə işləyən fəhlənin pulu deyil. İstər daxili, istərsə də
xarici bazarda satışımız çox zəifdir. Əvvəl çiyələk az əkilirdi. Daxili bazarda
satış normal idi. İndi isə kütləvi hal alıb. Havaların dəyişməsinin təsiri də
yoxdur. Çünki çiyələk istixanada yetişdirilir, yağış tutmur. Açıq sahələrdə
qaldıqda isə ziyan dəyir. Çiyələk tez xarab olan giləmeyvədir, tağında qaldıqda
çürüyür. Yağışlı havalarda məhsulun 80 faizi atılır, satışa çıxarılmır”.
Hər gün bir ton çiyələk toplanır
R.Abbasov qeyd etdi ki, məhsulu xarici bazara çıxarmaq üçün bol əkirlər,
daxili bazarın bu qədər məhsula ehtiyacı yoxdur: “Bir də işçi çatışmazlığımız
mövcuddur. Gömrük rüsumları aradan qalxıb. Sadəcə, xarici bazarda da alıcı
yoxdur. Bu səbəbdən vəziyyətimiz ağırdır. Bir hektar çiyələk sahəsindən gün
ərzində minimum bir tona yaxın çiyələk toplanır. Rayonlarımızda 1000 hektara
yaxın çiyələk sahələri var. Bu qədər məhsulu daxili bazara çıxarmaq mümkün
deyil. Hazırda may ayıdır. Bu ayda çiyələyi sadəcə yemək üçün bir-iki kiloqram
alırlar. Amma iyun-iyul aylarında mürəbbə və cem bişirmək üçün daha çox
alırlar. Həmin vaxt məhsul satılsa da, qiymət yenə də ucuz olur”.
30 kiloqram da satılmır
Fermer bildirdi ki, Rusiyada alıcılıq qüvvəsi zəiflədiyi üçün ödənişlər də
ləngiyir: “Son 3-4 ildə əsasən Rusiya, Qazaxıstan bazarlarına satış həyata
keçirirdik. İndi isə Rusiya bazarında çiyələk satışı həddindən artıq zəifdir.
Göndərilən çiyələklərin ödənişi hələ gəlib çıxmayıb. Bu il çiyələkdən fayda
götürən olmayacaq. Çox adam ziyanla çıxacaq. Çünki çiyələk əsasən bu vaxtlar
baha satılırdı. Keçən il Rusiya bazarına 3-3,5 manatdan göndərirdik, bu il isə
90 qəpik-1 manatdır. Bu, məhsulun maya dəyəri də etmir. Moskva bazarlarında
əvvəllər gündə üç ton çiyələk satılırdı. İndi isə heç 30 kiloqram da satılmır”.
Atılan məhsulun miqdarı artır
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, hər il fermerlərin məhsulunun bir
hissəsi məhv olur: “Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kənd
təsərrüfatı məhsullarımızın Rusiya bazarlarına çıxış imkanları əvvəlki kimi
deyil. Bunu bir ildən çoxdur görürük. Belə vəziyyətdə fermer ya digər bazarlara
çıxış üçün yol tapmalıdır, ya daxili bazarda maya dəyərindən aşağı qiymətə
satmalıdır. Ən pis halda isə məhsulunun məhv olmasını seyr etməlidir.
Statistika da məhsulun məhv olub atılmasının ildən-ilə artdığını göstərir”.
Alternativ bazarlar tapılmalıdır
P.Heydərov bildirdi ki, alternativ bazarlar taparaq fermerlərimizi çətinlikdən
xilas edə bilərik: “Bu cür vəziyyətin əsas səbəbi bir bazardan asılı
olmağımızdır. Vaxtında alternativ bazarlar axtarıb tapmalı idik. Türkiyə, Yaxın
Şərq, ərəb ölkələrini düşünmək olardı. Onlar bu məhsulların satışı üçün
gəlirlilik baxımından daha uyğun hesab olunur. Amma indi də yeni bazarlar
axtarmaq gec deyil”.
Daxili bazarımız idxaldan asılı olacaq
İqtisadçının fikrincə, qarşıdakı günlərdə çiyələyin qiymətinin ucuzlaşması
davam edəcək. Amma bu, fermerlər, ən sonda isə ölkəmiz üçün müsbət
nəticələnməyəcək: “Belə davam edərsə, fermerlər növbəti illərdə bu məhsulun
istehsalı ilə məşğul olmaq istəməyəcəklər. Çünki daxili bazarda satmaqla heç
bir gəlir əldə etmirlər. Nəticədə daxili bazarımız idxaldan asılı olacaq. Bu
zaman da hibrid, qatqılı məhsullardan asılı hala düşəcəyik. Qiymət tələb və
təklif əsasında formalaşır. Əgər tələb indiki səviyyədə qalmağa davam edərsə,
qiymətlər elə bu səviyyədə qalacaq”.