Fermerlər vergilərdən azad olundu: Nə dəyişəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident
hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu ilin
yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilib.
Bəs bu dəyişiklik və güzəştlər aqrar sahənin inkişafına necə təsir edəcək?
Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert
Xalid Kərimli bu dəyişikliyin əslində 2023-cü ilin yanvarın 1-dən qəbul
edildiyini diqqətə çatdırdı:
“Məqsəd isə odur ki, bu sahədə şəffaflaşma təmin olunsun, yəni sahibkar az
vergi ödəyəcəyi üçün şəffaflığa daha çox meyil etsin. Qərar əvvəllər 1 il üçün
nəzərdə tutulmuşdu. Hazırkı dəyişikliklə birlikdə, bu müddəti 4 ilə çatdırdılar.
Amma əvvəlki müddət ərzində aqrar sahədə elə də ciddi dəyişiklik baş vermədi.
Qərarın mahiyyəti isə ondan ibarətdir ki, daha çox rezident şəxslərin vergi
yükü azaldılır. 4 il müddətinə dividend vergisindən azad edilmək sahibkara
işləmək üçün yeni şərait yaradır. Yəni qazancı nədirsə, sahibkar hamısını
özündə saxlayır. Aqrar sahədə torpaq və işçi vergisi çıxılmaqla, artıq dəyər
vergisi, mənfəət, satış və qazanc kimi bütün vergilər aradan qaldırılır”.
“Aqrar sektor yüksək gəlirli olmadığına görə…”
Aqrar sahənin elə də gəlirli olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, bu
sektor ya mütəmadi risklərə məruz qalır, ya da satış zamanı problemlər yaşanır:
“Digər tərəfdən də əhali hər şeyə həddindən artıq həssaslıq göstərir. Məsələn,
ət, süd, buğda və ya hansısa bir məhsul bahalaşırsa, hamı narazılıq edir.
Hökumət isə vergiləri maksimum dərəcədə aşağı salmaqla və digər addımlarla
sahibkarları bu sahəyə cəlb etməyə çalışır. İstəyir ki, bura daha çox
investisiya yatırılsın, istehsalat artsın və ölkədə bolluq yaransın”.
“Əvvəl də belə idi”
Digər iqtisadçı-ekspert Akif Nəsirli, aqrar sahənin əvvəllər də vergilərdən
azad olunduğunu xatırladıb:
“Bu il yanvarın 1-də həmin güzəştlərin müddəti bitdi. Yeni qərarla birgə isə
həmin müddət 4 il uzadıldı. Bu günə qədər sahibkarlar vergini hansı qaydada
ödəyirdirlərsə, bundan sonra da o cür davam edəcəklər. Bir sözlə, fermerlər
bütün vergilərdən azad olunmuşdu və yalnız torpaq vergisi ödəyirdilər. Əgər
qərar qəbul olunmasaydı, sahibkarlar həmin vergiləri ödəməli olacaqdılar. Bu
baxıımdan da dəyişiklikdə yeni bir şey yoxdur”.