FHN əməkdaşı: “Minaların təmizlənməsində robotlar effektiv rola malikdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsində robotlar böyük effektiv
rola malikdir”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin əməkdaşı, partlayış manqasının mexaniki Şəmistan Əlizadə deyib.
O bildirib ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan
təmizlənməsi işində müasir mina təmizləyən texnikaların köməyindən də istifadə
edilir:
“Hazırda işlətdiyimiz “GCS-200” markalı, kənardan idarə edilən, müasir
minatəmizləyən robotlardır. Bu robotların vasitəsi ilə piyada və tank əleyhinə
minaların təmizlənməsi işlərini daha sürətlə həyata keçirmək olur. Robotlar iki
hissədən ibarətdir – biri yumşaq torpaq səthini minalardan təmizləmək üçün,
digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir
robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa
hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti
gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun
qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür”.