5b92700a-1d4c-4564-a284-1c5365629caf..jpg

FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

Baxış sayı: 1. 056 dəfə baxılıb.

FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

“Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin
(FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməyə başlayıb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26
iyun 2018-ci il tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta
biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən
xidmətlərin siyahısı”na uyğun olaraq, “Bakı KOB evi”ndə Fövqəladə Hallar
Nazirliyi tərəfindən 6 xidmət təşkil edilib.

Bunlardan üçü FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət
Agentliyi tərəfindən, digər üçü isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təmin edilməkdədir.

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin
şöbə müdiri Ramin Paşayev bildirib ki, sahibkarlar agentlik vasitəsilə
ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və
təcrübi-konstruktor işlərinə, ionlaşdırıcı şüa mənbələri hesab edilən
qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv
tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, inşasına,
istismarına və istismardan çıxarılmasına icazə verilməsi xidmətləri üçün “Bakı
KOB evi”nə müraciət edə bilərlər.

Eyni zamanda, o qeyd edib ki, ionlaşdırıcı şüa mənbələri hesab edilən
qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv
tullantılar anbarları üçün texnoloji avadanlıqların, radiasiya təhlükəsizliyi
vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi
xidmətlərindən istifadə etmək mümkün olacaq.

FHN-in Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Təhlükə potensiallı obyektlərin
dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov bildirib ki, “Bakı KOB evi”ndə
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və agentlik vasitəsilə “Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına
xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına
icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların,
(partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki
məmulatların) dövriyyəsinə icazənin və təhlükə potensiallı obyektlərin dövlət
reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarışın verilməsi
xidmətlərindən də yararlana bilərlər.

FHN-in xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB
evlərində də həyata keçirilməsi planlaşdırılır.

Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə
tutulur. Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata
keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin
asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcəkdir.

İlhamə Əbülfət

Source link