Fövqəladə Hallar Nazirliyində (FHN) bu ilin noyabr ayında Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına – COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik
məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik
Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.
Cixisyolu.com xəbər verir ki, müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur
bölmə və qurumlarının rəhbərləri iştirak edib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək
nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un
əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə
Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.
Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin
həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin
ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri
dinlənilib, geniş müzakirə aparılıb.
Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov Bakıda keçiriləcək mötəbər
tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının üzərinə
düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib.