ee944caa-4c17-461c-9d26-cc0cd97019fe..jpg

FHN-dən Binəqədidə baş vermiş yanğınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 458 dəfə baxılıb.

FHN-dən Binəqədidə baş vermiş yanğınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən
üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin
qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 880 kvadratmetr olan mansard
tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və
ondulin dam örtüyündən ibarət mansardı 220 kvadratmetr sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.

23:17

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində
yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə yeddi təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın nəticəsində altı nəfər (bir qadın, beş kişi olmaqla) xəsarət alıb.
Onlardan dörd nəfər Kliniki Tibbi Mərkəzə, bir nəfər Nərimanov Tibb Mərkəzinin
tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. Bir nəfərə isə (kişi cinsli, 35
yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım
göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud
nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin
nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq
nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif
nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın
II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi
xidmətlərin göstərilməsi davam etdirilir.

22:49

“Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb”.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov
jurnalistlərə bildirib.

Yanğının söndürülməsinə 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120
kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

“Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə
səbəbləri araşdırılır”, – R.Nəsirov deyib.

21:21

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən
üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin
operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

21:11

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli
polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam
təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.

21:05

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov
küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hadisə yerinə yeddi təcili tibbi yardım briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.

20:57

Binəqədi rayonunda obyektdəki yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi
rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində
yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin
qüvvələri cəlb olunublar.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi
sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə
məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və
təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

20:36

Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın
başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional
Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Source link