cf33492e-987f-4398-ae58-fc7db806be79..jpg

FHN-in İdman-sağlamlıq klubunun karateçiləri dünya çempionatında yüksək nəticələr əldə ediblər – FOTO

Baxış sayı: 521 dəfə baxılıb.

FHN-in İdman-sağlamlıq klubunun karateçiləri dünya çempionatında yüksək
nəticələr əldə ediblər – FOTO

7-10 sentyabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Dünya
Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaqlar,
yeniyetmələr və böyüklər arasında 13-cü Dünya çempionatı keçirilib.

Cixisyolu.com xəbər verir ki, çempionatda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya,
İtaliya, İspaniya olmaqla 34 müxtəlif ölkədən 3500-dən çox karateçi öz
qüvvəsini sınayıb.

Yarışda Azərbaycanın karate üzrə milli yığma və Fövqəladə Hallar Nazirliyinin
karate üzrə komandasının 4 üzvü Nicat Kərimli -75 kq, Yavərbəy Abdullayev +84
kq, Səbinə Fərzəli -59 kq çəki və İlqar Ələkbərov -84 kq çəki dərəcələrində
əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki,
Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəli karate üzrə kumite
yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün
ən yüksək pilləsinə qalxıb, qızıl medala layiq görülüblər. Komandanın digər
üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı mayor İlqar
Ələkbərov kişilər arasında komanda kumite yarışlarında qızıl və şəxsi kata
yarışlarda isə turnirin bürünc medalının sahibi olub. Qaliblərə Dünya Şotokan
Karate Federasiyasının medal və sertifikatları təqdim olunub.

Karateçilərimiz Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi
məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə
karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar
Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

19 sentyabr 2023-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi
polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar ilə görüşərək
qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda
uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat Kərimli sentyabr ayında Dünya Karate Federasiyasının
təşkilatçılığı ilə Kipr Respublikasının Larnaka şəhərində keçiriləcək “Karate1
Series A” turnirində çıxış edəcək.

Source link