684e558f-b669-4c4a-8394-70f2a6b91ad3..jpg

FHN-in idmançıları növbəti uğura imza atıblar – FOTO

Baxış sayı: 923 dəfə baxılıb.

FHN-in idmançıları növbəti uğura imza atıblar – FOTO

23-26 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra
şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və
gənclər arasında “Karate 1 Youth League” turniri keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, turnirdə 67 ölkənin 1 100-dən çox idmançısı mübarizə aparıb.
Karate üzrə Fövqəladə Hallar Nazirliyinin və milli yığma komandanın üzvləri,
yeniyetmələr arasında Avropa çempionu Nicat Kərimli və Karate Liqa 3-ün bürünc
mükafatçısı Nihad Kərimzadə də mübarizəyə qoşulublar.

-75 kq çəki dərəcəsində kumite yarışlarında Nicat Kərimli dörd döyüş keçirərək
turnirin gümüş medalının sahibi olub.

Karateçilərin ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırkı
şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu,
8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq
klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edək ki, Nicat Kərimli mart ayının sonunda Dünya Karate Federasiyasının
təşkilatçılığı ilə Türkiyə Respublikasının Konya şəhərində keçiriləcək “Karate
1 Serie A” turnirində də iştirak edəcək.

27-28 fevral 2023-cü il tarixlərində “Şüa” İdman Kompleksində Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis
Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət
qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr
olunmuş stolüstü tennis turniri keçirilib.

Olimpiya sistemi üzrə keçirilən yarışda 44 qurumdan 104 kişi, 43 qadın şəxsi
mübarizədə öz bacarıqlarını göstərib. Turnirdə iştirak edən Fövqəladə Hallar
Nazirliyinin stolüstü tennis üzrə yığma komandası dörd nəfərdən ibarət olmaqla
əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, iki gün
davam edən yarışın nəticələrinə əsasən, kişilərin şəxsi mübarizəsində FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Əli Bayramov bütün
rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl
medalın sahibi olub. Bundan əlavə, komandanın digər üzvü Dövlət Yanğından
Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Vüqar İbrahimov finalda
komanda yoldaşına məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan
Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.

2 mart 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq
klubunun rəisi polkovnik Füzuli Musayev turnirlərdə uğur əldə etmiş əməkdaşlar
və idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar
arzulayıb.

Source link