6925cf1d-3877-4098-b9ad-ee09c215f3f2..jpg

FHN-in idmançıları yüksək nəticələr qazanıblar – FOTO

Baxış sayı: 3. 880 dəfə baxılıb.

FHN-in idmançıları yüksək nəticələr qazanıblar – FOTO

15-22 dekabr 2022-ci il tarixlərində Azərbaycan Boks Federasiyasının
təşkilatçılığı ilə Bakı Boks Mərkəzində gənclər arasında boks üzrə Azərbaycan
birinciliyi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, turnirdə gənclərdən ibarət 58 komandadan 270-ə yaxın idmançı
mübarizə aparıb. FHN-in gənclərdən ibarət boks üzrə komandası İdman-sağlamlıq
klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticələr göstərib.
Belə ki, qızlar arasında 54 kq çəki dərəcəsində Mələk Hümbətova, 60 kq çəki
dərəcəsində Aysu Dərvişova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi
olublar. Oğlanlar arasında isə 60 kq çəki dərəcəsində Ülvi Mirzəyev 3 döyüş
keçirərək çempionatın bürünc medalına yiyələnib. Qaliblərə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

Çempionatın qalibləri Serbiyada keçiriləcək beynəlxalq turnirdə ölkəmizi
təmsil edəcəklər.

19-24 dekabr 2022-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Taekvondo Federasiyasının
təşkilatçılığı ilə yeniyetmə gənc və böyüklər arasında taekvondo üzrə ölkə
birinciliyi və çempionatı keçirilib.

Çempionatda 74 komanda üzrə 875 idmançı mübarizə aparıb. FHN-in taekvondo üzrə
yığma komandasının üzvü, İdman-sağlamlıq klubunun əməkdaşı gizir Elvin Məmmədov
+87 kq çəki dərəcəsində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi
olub. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və
medalı təqdim olunub.

Qeyd edək ki, Elvin Məmmədov taekvondo üzrə Avropa çempionu və dünya
çempionatının gümüş mükafatçısıdır.

19-23 dekabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının
təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında
Azərbaycan çempionatı keçirilib.

Çempionatda 30-a yaxın komandadan 287 güləşçi öz qüvvəsini sınayıb.
Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət güləş komandası
İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında yüksək
nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, 74 kq çəki dərəcəsində İsbər
Əkbərli, 125 kq çəki dərəcəsində isə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşı
leytenant Camal Abdulov 4 döyüş keçirərək çempionatın bürünc medalına
yiyələnməyi bacarıblar. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin diplom və medalı təqdim olunub.

26 dekabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq
klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılarla
görüşərək əldə edilmiş nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda
müvəffəqiyyətlər arzulayıb.

Source link