04863cdc-50cb-4910-827e-fd5b57548007..jpg

FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür

Baxış sayı: 982 dəfə baxılıb.

FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri
görülür

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü
zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti
yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür.

Cixisyolu.com-ın məlumatına görə, yaxın saatlarda yük avtomobilləri və müşahidə
nəqliyyat vasitəsi Türkiyənin zəlzələ bölgəsinə hərəkət edəcək.

Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq
humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün
1015 çadır, 240 soba və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 725
nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, humanitar yardım üçün FHN-in maşın karvanı, tibbi avadanlıq və
ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, çadırlar, yataq dəstləri,
qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar da göndərilib.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye,
Hatay, Kilis, Malatya və Elazığda 20 665 nəfər həyatını itirib, 80 088 şəxs
xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, beş
nəfər azərbaycanlı var.

İlhamə Əbülfət

Source link