FHN Naxçıvanda dövlət qurumunun fəaliyyətini dayandırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri
tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinə baxış
zamanı müəssisənin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması aşkar edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq akt tərtib
olunub. Muzeyin yaşayış binasında yerləşdiyi nəzərə alınaraq fəaliyyəti
müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
muzeylərin yerləşdiyi binalar və onların tutduğu sahələr muzeylərin balansına
verilməlidir.
Bütün bunları nəzərə alaraq fəaliyyəti müvəqqəti olaraq dayandırılan Xalça
Muzeyinin eksponatları Mədəniyyət Nazirliyinin tabeliyində olan Heydər Əliyev
Sarayına köçürülüb. Yaxın zamanda burada Xalça Muzeyinin fəaliyyətini davam
etdirməsi təmin ediləcək.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət
Proqramı”nın Təfsilatlı Tədbirlər Planına əsasən, Naxçıvan şəhərində Muzey
Mərkəzi yaradılacaq. Xalça Muzeyinin də həmin mərkəzdə fəaliyyət göstərməsi
nəzərdə tutulub. Hazırda proqramın icrası ilə bağlı işlər davam etdirilir.