FHN qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyi (FHN) qanunsuz tikintilərlə bağlı vətəndaşlara
müraciət edib.
FHN-dən verilən xəbərə görə, müraciətdə deyilir:
“Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində
qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam
etdirilir.
Bu çərçivədə təəssüflə qeyd edilməlidir ki, FHN tərəfindən dəfələrlə edilən
xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə
baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara
rast gəlinir.
Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən
keçirilən monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin
kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan
və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun
gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və
qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi
faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə
yolverilməzdir. Aşkar olunan hər bir belə faktla əlaqədar agentlik tərəfindən
qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı FHN bir daha vətəndaşlara müraciət edərək, tikinti
fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi
məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və
pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda nazirliyin
“112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir”.