FHN Yeni il ilə əlaqədar əhaliyə xəbərdarlıq edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı münasibəti ilə əhaliyə xəbərdarlıq
edib.
Xəbərdarlıqda bildirilir:
“Qarşıdan böyük sevinclə qeyd edilən Yeni il bayramı gəlir. Bu münasibətlə
bəzədilən şam ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın
təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi
tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi
vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast
gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən Yeni
il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək,
aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini
xatırladır:
– Evlərdə və şənlik məkanlarında bəzədilən şam ağacı yerə möhkəm bərkidilməli,
ağacın budaqları tavana və divarlara toxunmamalı;
– İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə
edilməli;
– Ağac tezalışan oyuncaqla bəzədilməməli;
– Qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
– Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
– Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– Pəncərədə dəmir barmaqlıq olmamalı;
– Məkanın iki çıxışı olmalı;
– Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi
olmalı;
– Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
– Təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
– Otağın qapıları mütləq bayıra açılmalı;
– Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– Şənlikdə işıq tam söndürülməməli;
– Şənliyə tezalışan materialdan paltar geyinilməməli;
– Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Həmçinin, bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı
olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın
təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir
ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və
s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün
işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi
zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların
rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi
tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb
olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki
köməklik və mütəxəssis rəyi ala bilərlər.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”