FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu
üçün pul ayıra bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“FIFA Forward” Azərbaycanın işğaldan azad edilən rayonlarına maliyyə dəstəyi
verə bilər.
Bu barədə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov
“Anadolu” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, assosiasiya müharibə və gərginliyin olduğu ölkələrdə futbolun
davamlı inkişaf etməsini istəyir.
“Döyüşlər zamanı infrastruktur zədələnir. Müharibələr bitdikdən sonra zərər
görən ölkələrə dəstəyimizi göstərəcəyik”, – deyə funksioner vurğulayıb.
O bir gün dünyaya sülh gələcəyini, futbolla insanların bir olacağını, dünyanın
daha qlobal olacağına ümidini ifadə edib.
Qeyd edək ki, “FIFA Forward” dünyanın ən böyük idman investisiya fondudur və
FIFA üzvlərinin futbolun inkişafına sərmayə qoyması üçün yaradılıb. Dünya
futbol assosiasiyalarının yarıdan çoxu (211 ölkədən 106-sı) öz ölkələrində
futbolu inkişaf etdirmək üçün yalnız “Forward” fondlarına güvənir. 2016-cı ildə
təsis edildikdən sonra “FIFA Forward” dünyanın 211 ölkəsində milli futbol
federasiyaları vasitəsilə səkkiz il ərzində 2,8 milyard dollar sərmayə qoyub.