FİFA qadın futbolunun inkişaf etdirilməsi məsələsinə dair ilk konfransını iyunun 6-7 tarixində Parisdə keçirəcək.
ÇıxışYolu.Com “TASS”-a istinadla bildirir ki, konfransda idman aləmi və siyasət üzrə dünya liderləri bir araya gələrək qadınların futbolda hüquq və imkanlarının genişləndirilməsi məsələsini, eləcə də qadın futbolunun FİFA tərəfindən hazırlanmış inkişaf strategiyasını müzakirə edəcəklər.
“Mən düşünürəm ki, bütün maraqlı tərəflərlə işləməklə futbolun sosial üstünlüklərini istifadə etdiyimiz təqdirdə, gələcək daha parlaq olacaq”, – deyə FİFA-nın baş katibi Fatma Samura bildirib və əlavə edib ki, bu, bütün dünyada qadın və qızların hüquq və imkanlarının genişləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, Samura FİFA tarixində baş katib postunu tutan ilk qadındır. Bu, Canni İnfantinonun 2016-cı ildə təşkilatın prezidenti seçildikdən sonra apardığı islahatlar sayəsində mümkün olmuşdu.
Xatırladaq ki, FİFA iyunun 7-dən iyulun 7-dək Fransada baş tutacaq qadın yığmaları arasında dünya çempionatının mukafat fondunu üç dəfəyədək – 50 mln dollaradək artırıb.