FIFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol
Assosiasiyaları İttifaqı (UEFA) ölkə hökumətinin İspaniya Kral Futbol
Federasiyasının (RFEF) işlərinə qarışması səbəbindən İspaniya klublarını və
milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.
Bundan əvvəl məlum olub ki, İspaniya hökuməti RFEF-in fəaliyyətinə nəzarət
etmək üçün xüsusi komissiya yaratmaq qərarına gəlib. Hadisələrin bu cür cərəyan
etməsi İspaniya millisinin 2024-cü il Avropa çempionatında və ölkə klublarının
növbəti mövsümdə avrokuboklarda iştirakını ciddi təhlükə altına qoyur. Qeyd
olunur ki, İspaniya hökuməti FİFA və UEFA-nın mümkün addımlarından xəbərdardır.
Xatırladaq ki, mart ayında İspaniya Mülki Qvardiyasının Mərkəzi Əməliyyatlar
Bölməsi RFEF-in qərargahında və qurumun keçmiş prezidenti Luis Rubialesin
evində axtarışlar aparıb. Daha sonra prokurorlar RFEF-in keçmiş rəhbərinin
həbsinə order verib. Aprelin 3-də Mülki Qvardiya Rubialesi Dominikan
Respublikasından İspaniyaya qayıtdıqdan sonra hava limanında saxlayıb və bir
müddət sonra həbsdən azad edilib.
Bundan əlavə, RFEF-in prezidenti vəzifəsini icra edən Pedro Roşa da korrupsiya
işində şübhəli bilinib.
Mənbə: RİA Novosti