dacb6e4e-e94b-41c6-838b-dac2cddef658..jpg

Fikrət Əmirovun anım günüdür

Baxış sayı: 897 dəfə baxılıb.

Fikrət Əmirovun anım günüdür

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı
laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ilin noyabrın 22-də Gəncə şəhərində
anadan olub.

1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və
Balet Teatrının direktoru vəzifələrində çalışıb.

F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur
dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa)
və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu
yeni, simfonik muğam janrı “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi
dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə
lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da
“Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin
xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində
London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa
edib.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. O, Birinci
Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, 2022-ci ilin martın 22-də Prezident İlham Əliyev Fikrət Əmirovun
100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilirdi:

“Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının
banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar
kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma
torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam
ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə
dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər
meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların
bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində
milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin
əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur
orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada
şöhrət qazandırmışdır.

Yüz illiyinin UNESCO-nun 2022 – 2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov
sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və
bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi
sənəti salnaməsinin ən parlaq səhifələrindəndir”.

2022-ci ilin noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin
təşkilatçılığı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100”
adlı təntənəli yubiley gecəsi keçirilib.

Source link