3978b793-092e-4b80-a3a8-fba3727c7a7e..jpg

Filipp Ekozyans: “Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm” – MÜSAHİBƏ

Baxış sayı: 885 dəfə baxılıb.

Filipp Ekozyans: “Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə
haqlı hesab edirəm” – MÜSAHİBƏ

“Qarabağda nə edilməli olması barədə qərarları Azərbaycan hökuməti qəbul
etməlidir. Azərbaycan ərazisində nəzarət-buraxılış məntəqələri də Azərbaycan
hökumətinin icazəsi ilə təşkil edilməli, biznes fəaliyyəti də Azərbaycan
hökumətinin icazəsi ilə həyata keçirilməlidir. Bakının Ermənistan tərəfə təqdim
etdiyi tələbləri tamamilə haqlı hesab edirəm”.

Erməni mənşəli tarixçi alim Filipp Ekozyans bu fikirləri AZƏRTAC-a
müsahibəsində söyləyib.

– Bu yaxınlarda Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş
naziri Nikol Paşinyanla görüşü olub. Həmin görüşdə Azərbaycan rəhbəri erməni
tərəfə bir sıra tələblər səsləndirib. Bu barədə sizin fikrinizi bilmək
istərdik…

– Mən Azərbaycan tərəfinin tələbləri ilə tanış olmuşam və onları tamamilə
haqlı hesab edirəm. Əgər Qarabağ Azərbaycan torpağıdırsa, orada nə edilməli
olması barədə qərarları Azərbaycan hökuməti qəbul etməlidir. Azərbaycanın Laçın
yolundan onun ərazisinə nə daşınmasına nəzarət edə bilməsi üçün
nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir. Azərbaycan ərazisində biznes
fəaliyyəti də Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilməlidir.

– İrəvan illər boyu mümkün qədər çox insana belə bir tezisi təlqin etməyə
çalışır ki, guya Qarabağ məsələsi bütün ermənilər üçün ekzistensial xarakterli
məsələdir. Bu tezis haradan qaynaqlanır?

– Bu, cəfəng təbliğatın məhsuludur. Qoy bu cəfəngiyyatı yayanlar elə etsinlər
ki, ermənilər Ermənistanın özünü, konkret olaraq İrəvanı tərk etməsinlər.
Ekzistensial xarakterli problem erməni əhalinin Ermənistan Respublikasından
getməsidir. Qoy bu ermənilər əvvəlcə Ermənistanın tamdəyərli sahibləri olsunlar
və onu idarə etməyi öyrənsinlər (mən bunu istehza ilə demirəm, tam
səmimi-qəlbdən arzu edirəm), sonra isə Azərbaycanın və ya Türkiyənin idarə
olunmasında onlara kömək təklif etsinlər.

– Siz uzun müddət Qafqaz xalqlarının tarixini öyrənirsiniz və bu mövzuda bir
sıra kitabların, onlarla videosüjetin müəllifisiniz. Sizin fikrinizcə,
saxtalaşdırılmış tarixi iddialar səbəbindən bu gün, necə deyərlər, iki od
arasında qalmış erməni xalqının əsas bəlası nədən ibarətdir?

– Zaman dəyişdikcə bəlalar da dəyişir: dünən bir qisim bəlalar vardı, bu gün
başqa bəlalar. Məsələ həmin bəlaların nə ilə bağlı olmasındadır. Başqa sözlə
desək, yüzilliklər boyu təkrarlanan səbəblər nədən ibarətdir? Mənim fikrimcə,
əsas bəlalardan biri nüfuzlu azlığın cinayətkar siyasi fəaliyyətidir. Erməni
xalqı deyilən xalq hər dəfə ondan ötrü faciəli hadisələrin burulğanına düşəndən
əvvəl bir dəstə erməni heç bir səlahiyyətə malik olmadığı halda tarix səhnəsinə
çıxaraq bütün xalqın adından çıxış edir. Bu rolda çıxış edən məlikləri də
görmüşük, keşişləri də, siyasi xadimləri də. Onlar sadə insanların arzuları ilə
hesablaşmadan, hətta bu insanların fikri ilə maraqlanmadan xalqın ziyanına olan
qərarlar qəbul edirlər. Güman edirəm ki, onların hamısı öz xalqına pislik etmək
istəməyib, lakin nəticə belə olub.

Mənim fikrimcə, erməni xalqının mütləq əksəriyyətinin fikri nəzərə alınmaqla
taleyüklü qərarlar qəbul etməyə imkan verən bir mexanizm lazımdır, çünki azlıq
məsələsində bu xalqın bəxti gətirmir. Mən erməni xalqı haqqında üçüncü şəxs
kimi danışıram, çünki erməni diasporuna üçüncü nəsildə mənsubam. Diasporun
müasir Ermənistanın sakinlərinin problemlərindən xəbəri yoxdur. Mən yəqin
bilirəm ki, erməni diasporu tamam başqa erməni xalqıdır və həmin başqa erməni
xalqının bəlaları da tamam fərqlidir. Lakin bu, ayrı söhbətin mövzusudur.

– Xalqın təfəkkürünü necə dəyişmək olar, sizin müəyyən konsepsiyanız varmı?
Nədən başlamaq lazımdır?

– Heç şübhəsiz, tarixdən, özü də mötəbər tarixdən başlamaq lazımdır. Mötəbər
tarix ermənilərə bir məqamı başa salacaq ki, onlarla yanaşı yaşayan bütün
xalqlar bilavasitə onların qohumlarıdır. Ermənilər, türklər və azərbaycanlılar
əsrlər boyu qohumluq telləri ilə bağlı olublar, bu telləri yalnız millətçilik
təbliğatının köməyi ilə qırmaq olar. Bu təbliğat isə həmişə ya siyasətçilərə
xidmət edib, ya da siyasətçilərə çevrilmiş din xadimlərinə.

Son 100-150 il ərzində təbliğat öz işini görüb və qonşu xalqların çoxu
bir-birindən uzaqlaşıb. Lakin təbliğat nə qədər çalışsa da, bir faktı inkar edə
bilmir və inkar edə bilməz ki, bizim ortaq keçmişimiz, ortaq köklərimiz var. Bu
ortaq köklərə mental şəkildə qayıtmaq, onların həqiqi tarixini dərk etmək
lazımdır. Axı biz, sadəcə, eyni qayğılarla, eyni ehtiyaclarla, eyni sevinc və
kədərlə birləşən insanlarıq. Bir-birimizdən uzaqlaşmaqdansa, ünsiyyət saxlamaq
qat-qat faydalı olar. Lakin bunlar ümidlərdir…

Əgər bu gün yaranmış vəziyyətdə ermənilər və azərbaycanlılar mehriban qonşuluq
münasibətlərinə qayıtmaq istəyirlərsə, hər bir qərarı, hətta ən cüzi məsələyə
dair qərarı ehtiyatla ölçüb-biçməli, hər bir addımı, hər bir sözü götür-qoy
etməlidirlər. Qərarlar qəbul edərkən ambisiyalara və ya incikliklərə deyil,
ermənilərin və azərbaycanlıların ən adi tələblərinə əsaslanmaq lazımdır. Axı
istənilən halda yanaşı yaşamalı olacağıq. Biz bir-birimizdən imtina edə
bilmərik. Ən azı eksperiment xatirinə təkcə öz problemlərimiz və arzularımız
barədə düşünməməyi sınaqdan keçirtmək olar. Qonşunun problemlərini öz
problemlərimiz kimi qəbul etməyə çalışmaq lazımdır. O halda yaxın gələcəkdə
yaxşılığa doğru dəyişiklik baş verəcək.

Mənim fikrimcə, Prezident İlham Əliyev bu mənada yeni təfəkkür nümayiş etdirir
və Azərbaycan ermənilərinə ağlabatan münasibət göstərir. Mənim üçün aşkardır
ki, o, Azərbaycanda – həm Qarabağda, həm də başqa rayonlarda yaşayan
ermənilərin təhlükəsizliyini əməli şəkildə təmin etmək niyyətindədir, çünki bu,
həqiqətən, təkcə ermənilərə deyil, çoxmillətli və tolerant dövlət olan
Azərbaycanın özünə də lazımdır. Azərbaycanda yaşayan bütün ermənilərin
Azərbaycan vətəndaşlığına malik olması isə təbii və məntiqi tələbdir. Burada
müzakirə edilməli heç bir məqam yoxdur.

– Siz Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşaması ideyasını necə
qiymətləndirirsiniz?

– Ermənilərin və azərbaycanlıların birgə yaşaması mötəbər tarix baxımından
məntiqli və düzgündür. Bundan əlavə, bizim bu cür birgə yaşamaq təcrübəmiz var.
Bir neçə qısa müddət istisna olmaqla bu təcrübə pozitiv olub.

Source link