Filippin prezidenti Rodriqo Duterte ABŞ-ın sabiq lideri Barak Obamanın ünvanına əvvəllər söylədiyi sözlərə görə üzr istəyib.
ÇıxışYolu.Com Türkiyə mediasına istinadən xəbər verir ki, R.Duterte bu barədə Qüdsə səfəri çərçivəsində Filippin icması ilə görüşündə bildirib.
“Mən onun haqqında danışdıqlarıma görə üzr istəyirəm. Barak Obamanı narkotik maddələrin dövriyyəsi ilə məşğul olanlarla bizim hökumətin mübarizəsi barədə dediklərinə görə bağışlayıram”, – deyə R.Duterte vurğulayıb.
Bununla yanaşı, Filippin lideri hesab edir ki, ABŞ-ın sabiq prezidenti Ağ Evin indiki sahibi ilə müqayisədə daha soyuq personaj idi:
“Donald Tramp mənim böyük dostumdur və biz onunla bir mövqedəyik”.
Filippin lideri Manilanın narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı mövqeyini dəfələrlə tənqid edən ABŞ-ın sabiq prezidenti barədə kəskin ifadələr işlətməsi ilə məşhurdur.
2016-cı ilin sentyabrında o, B.Obama barədə təhqiredici ifadə işlədərək, bir neçə gündən sonra Laosda keçiriləcək ABŞ-ASEAN sammiti çərçivəsində görüşləri zamanı onun ünvanına daha kəskin ifadələr səsləndirəcəyini bildirmişdi.
Bundan sonra ABŞ administrasiyası iki liderin əvvəlcədən planlaşdırılan görüşünü ləğv etmişdi.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com