b1a0ee3f-7c2f-4397-bb33-02256805cc36..jpg

Filmə adam kimi baxmaq gərəkdir!

Baxış sayı: 575 dəfə baxılıb.

Filmə adam kimi baxmaq gərəkdir!
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır…

İncəsənət nümunələrinin, xüsusən də filmlərin, serialların, romanların
oxuculara necə təsir etdiyi həm sosioloji, həm də estetik bir hadisədir. Misal
üçün, “Kurdlar vadisi” serialının yaradıcıları “Xaç atası” filmindən nümunə
götürdüklərini, gəncləri cinayət aləmindən uzaqlaşdırmağa xidmət etdiklərini
qeyd edirdilər. Ancaq reallıq onların düşündüyü kimi olmadı. Bu serial
cinayətkar aləmin, mafiyanın tərənnümçüsünə çevrildi. Türkiyə dövlətinin taleyi
sanki bir ovuc quldurun insafına qalmışdı. Serialdan çıxan nəticə bu idi.
Əlbəttə ki, burada günah ssenaristlərin və ümumilikdə serialın yaradıcı
heyətinin üzərinə düşür.

Hərçənd bu cür neqativ meyilləri olmayan seriallar belə insanlar üçün mənfi
nəticələr yaradır. Misal üçün, fağır və yazıq bir kimya müəlliminin narkotik
istehsalçısına çevrildiyi “Breaking bed” serialının cinayəti təbliğ etdiyini
iddia etmək mümkün deyil. Ssenaristlər qəhrəmanın narkotik istehsalına
başladığı gündən etibarən onun həyatının, ailəsinin necə darmadağın olduğunu,
asan yolla gəlir kimi görünən narkobiznesin necə dəhşətli nəticələr yaratdığını
realistcəsinə göstərə bilmişdilər. Ancaq buna baxmayaraq, serialdan ilham alıb
narkotik işinə girişənlər olmuşdu. Bunu haradan bilirik? Əlbəttə ki, onlar həbs
edilmişdilər və biz də media vasitəsi ilə onların acınacaqlı aqibətindən xəbər
tutmuşduq.

Məşhur bir misalda deyildiyi kimi, mən sənə ulduzları göstərirəm, sən isə
barmağımı görürsən. Doğrudan da anlayış qabiliyyəti qıt olan bəzi insanlar
seriallardan, filmlərdən və elə adi həyatdan son dərəcə bəsit nəticələr
çıxardırlar. Misal üçün, “Youtube”da bloqerlərdən birinin videolarına yazılan
şərhlərə baxıram. Şərh yazanlar narkomanların sözlərindən həyat dərsləri
çıxartmaq istəyir, onların dediklərini müdrikliyin təcəssümü kimi başa
düşürlər. Halbuki onlar öz iradəsizliklərinin qurbanı olan, nəinki başqalarına,
heç özlərinə də köməyi olmayan şəxslərdir.

Misal üçün, onların biri 90-cı illərin əvvəllərində narkotikə qurşandığını az
qala fəxrlə danışır. Halbuki, o dövrdə dəhşətli müharibə baş verir və minlərlə
igid oğlan şərəflə ölümə gedirdi. Ancaq belə insanlar öz narkomanlığını fəxrlə
gözümüzə soxur və bəzi insanlar bu cür şəxslərdən həyat dərsi almağa can
atırlar. Həmin bloqerin qeyd etdiyim niyyəti olduğunu düşünmürəm, ancaq onun
videolarından belə nəticələr də çıxmaqdadır.

Ancaq sözügedən məsələdə liderliyi koreyalı 23 yaşlı qız ələ keçirdib. Belə
ki, cinayət seriallarına, verilişlərinə aludə olan bu qız cinayət törətmək
fikrinə düşüb. Bunun üçün də o qurban axtarışına çıxaraq bir ingilis dili
müəlliməsinə özünü dərs almaq istəyən şagird kimi təqdim etmişdi. Daha sonra
müəlliməni bıçaqla öldürən qız qanlı ədyalla taksiyə minir və taksi sürücüsünün
polisə xəbər verməsi ilə qız ələ keçir. Onun evinin kamerasına da düşdüyü
bildirilir.

Cənubi Koreyada edam cəzası qüvvədədir. Qız da edam cəzasına məhkum edilib.
Filmlərin təsirinə düşüb maraq üçün qətl törətməyin cəzası bu cür müəyyən
edilib. Məhkəmədə özünü psixoloji xəstə kimi qələmə versə də, müvafiq
ekspertiza onun cinayəti anlaqlı şəkildə planlaşdırdığı və gerçəkləşdirdiyi
barədə rəy verib. Qatilin edam-edilib edilməyəcəyi hələ tam aydın deyil. Çünki
ölüm cəzası qüvvədə olsa da, Cənubi Koreyeda 1997-ci ildən bu yana ölüm
cəzalarının icrasına moratorium qoyulub.

Bu və bu kimi misallardan isə bir nəticə çıxır: Filmə adam kimi baxmalı,
kitabı insan kimi oxumalıyıq. Vəssalam!

Source link