Filmlərində yalan danışmayan adam: Eldar Quliyevin doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün məşhur azərbaycanlı kinorejissor, ssenarist Eldar Quliyevin doğum
günüdür.
Eldar Tofiq oğlu Quliyev 1941-ci il yanvarın 18-də Bakıda dünyaya göz açıb.
1960-1966-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1967-ci
ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.
Çoxlu sayda bədii və sənədli filmin müəllifi olan rejissorun ilk müstəqil işi
“Biri vardı, biri yoxdu…” adlı qısametrajlı filmi olub. Bu film yazıçı Salam
Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivləri əsasında çəkilib.
Xalq artistinin ilk böyük ekran əsəri isə 1969-cu ildə çəkilən “Bir cənub
şəhərində” filmidir. Bu film Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti
əsasında lentə alınıb və lirik-psixoloji dram janrındadır. Filmdə çox da böyük
olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyindən bəhs
edilir. Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyan “Bir cənub
şəhərində” yeniliklə köhnəliyin mübarizəsinə, köhnəlikdən xilas olma prosesinə
diqqəti çəkir. 1969-cu ildə Moskvadan gəlmiş nümayəndə heyətinin və respublika
rəhbərliyinin baxışından sonra “Bir cənub şəhərində” filminin yayımı
dayandırılır. Səbəb isə filmin müəllifinin sovet vətəndaşlarına şər atmaqda
günahlandırılması olur.
Eldar Quliyev 1979-cu ildə Azərbaycan kino sənayesinin ən sevilən
məhsullarından olan “Babək” filmini çəkir. Hələ də böyük izləyici kütləsinə
sahib olan bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin
miqyasına görə xarici filmlərdən geri qalmır. Elə ona görə də, həmin illərdə
“Babək” filmini 52 ölkə satın alıb. Bundan əlavə, rejissor “Ən vacib müsahibə”,
“Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”,
“İstanbul reysi”, “Dərvişin qeydləri” kimi filmlərə quruluş verib. Həmçinin bir
neçə filmin ssenari müəllifi olub. Onun çəkdiyi filmlərin bir neçəsi
kinofestivallarda mükafatlara layiq görülüb.
1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəri olub. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olub.
E.Quliyev müsahibələrindən birində filmləri haqqında danışarkən heç bir
filmində yalan danışmadığını qeyd edib:
“Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim
arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim,
ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam.
Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər
cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.
Ssenarist 2001-ci il yanvarın 17-də “Şöhrət” ordeni, 14 yanvar 2011-ci ildə
“Şərəf” ordeni, 14 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin
fəxri diploma və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli
kino” mükafatı, 10 may 2018-ci ildə “Qızıl çinar” beynəlxalq mükafatı və 23
yanvar 2021-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.
Sənətçi 18 yanvar 2021-ci ildə infarkt keçirdikdən sonra bir müddət müalicə
alıb və 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika
Mərkəzində vəfat edib. Xalq artisti Yasamal qəbiristanlığında, həyat yoldaşının
məzarı yanında torpağa tapşırılıb.
Şəkillərdə Eldar Quliyevin iş otağıdır.