Final öncəsi şanslar - TƏHLİL

Final öncəsi şanslar – TƏHLİL

Baxış sayı: 2. 914 dəfə baxılıb.

Bu gün Ukraynanın paytaxtı Kiyevdə UEFA Çempionlar Liqasının final matçı keçiriləcək.

ÇıxışYolu.Com-ın Kiyevə ezam olunmuş əməkdaşı final öncəsi komandaların düşərgələrindəki son durumu diqqətinizə çatdırır.

“Liverpul”un minimal üstünlüyü var

Əvvəla onu qeyd edək ki, bu, “Real”la “Liverpul”un Çempionlar Liqasında beşinci görüşü olacaq. İndiyədək tərəflər dörd dəfə qarşılaşıb. İki qarşılaşmada “Liverpul”, iki qarşılaşmada isə “Real” üstün olub. 2009-cu ildə keçirilmiş görüşlərdə “Liverpul” Madriddə 1:0, “Enfild Roud”da 4:0 qalib gəlibsə, bundan üç il sonra “Real”a öz meydanında 0:3 məğlub olub, səfərdə isə 0:1 yenilib. Göründüyü kimi, top fərqində “Liverpul”un üstünlüyü var – 5:4.

Ancaq favorit qismində “Real” göstərilir. Baxmayaraq ki, Zinəddin Zidan dünənki mətbuat konfransında favorit olmadıqlarını, şansların 50/50-yə olduğunu bildirib. Elə hər zamankı kimi gülüş dolu keçən Yürqen Klopun konfransında da təxminən oxşar fikir səsləndirilib.

“Real” oyuna daha hazırdır

Komandaların tərkibinə nəzər yetirdikdə “Real”da oynamaq üçün bütün futbolçuların hazır olduğu görünür. Lakin “Liverpul” cəbhəsi barədə eyni sözləri söyləmək mümkün deyil.

Belə ki, Cordon Qomes, Yoel Matip və Aleks Oksleyd Çemberlinin meydanda olmayacağı dəqiqdir. Hər üç futbolçunun müxtəlif nahiyələrdən zədələri var. Uzun müddətdir ki, zədəli olan Almaniya millisinin türk üzvü Əmrə Can isə sağalıb.

Lakin onun da tam hazır vəziyyətdə olacağı inandırıcı görünmür. Bu üzdən, böyük ehtimalla, Əmrə Can heyətə salınsa da, ehtiyatda qalacaq.

Kim daha üstün görünür?

Bu mərhələyədək “Real” qrupda yalnız digər ingilis klubu “Totenhem”ə uduzub – 0:3. Madridlilərin ikinci yenilgisi “Yuventus”la 1/4 finalın cavab oyununda qeydə alınıb – 1:3.

“Liverpul” isə yalnız finaldan əvvəlki, yəni cari mövsüm bu turnirdəki hələlik son matçında uduzub. Liverpul təmsilçisi “Roma” səfərində gözlənilmədən 2:4 hesabı ilə məğlub olub.

Tərəfləri ampluaca müqayisə edək. Qapı xəttinə baxdıqda burda “Real” daha üstün nəzərə çarpır. Düzdür, “Liverpul”un alman qapıçısı Loris Karius tədricən yaxşı çıxış etməyə başlayır, lakin bu, Keylor Navas səviyyəsindən çox uzaqdır.

“Real”ın qolkiperi bundan öncəki iki finalda oynamaqla və Kosta Rika millisində daim çıxış etməklə beynəlxalq təcrübə baxımından daha yüksəkdədir.

“Liverpul”un Vircil Van Deyk, Deyan Lovren, Endryu Robertson və Trent Aleksander-Arnolddan qurulmuş müdafiə xətti də “Real”ın hücum xətti qarşısında aciz görünür. Qaret Beylin ehtiyatda olacağın gözlədiyimiz bir matçda Kriştianu Ronaldu, Kərim Benzema və Marko Asensio triosu start heyətdə yer alacaq.

Bunu əksinə də söyləmək olar. Məhəmməd Salah – Roberto Firmino – Sadio Mane üçlüyü dünyada ən güclü triolardan biri hesab edilir. Ancaq onu da unutmamalıyıq ki, Serxio Ramos, Marselo, Dani Karvaxal, Rafael Varan və Naçodan ibarət “Real”ın müdafiə xətti çox möhkəm təsir bağışlayır. Bu beş oyunçu “Real”ın Çempionlar Liqasında yaxşı nəticə göstərmiş “top-səkkizliy”ində yer alır.

Yarımmüdafiə xəttində “Liverpul”dan Cordan Henderson, Corcinio Veynaldum əla olsa da, Ceyms Milner belə matçlar üçün bir qədər ağırdır. “Real”da isə Kazemiro, Luka Modriç və Toni Kroos kimi “canavarlar” var.

Məsələn, bu matçda Əmrə Can forma geyinsə, o zaman yarımmüdafiə xəttində hardasa balansı qorumaq olardı. Ancaq indiyə olan duruma görə, “Real”ın yarımmüdafiə xətti daha əzəmətli görünür.

Məşqçilərə gəlincə, “Liverpul”un bossu Yürqen Klop Zinəddin Zidandan daha təcrübəlidir. Düzdür, Zidanda Çempionlar Liqasının finalında oynamaq təcrübəsi var. Lakin unutmayaq ki, Klop “Real”dan daha aşağı büdcə ilə, nisbətən səviyyədə geridə qalan komandası ilə artıq dünyada ürəkləri fəth etməyi bacarıb.

Komandanın finala çıxmasında Klopun hücuma dair taktiki savadı böyük rol oynayır. Bu məşqçinin yeganə mənfi cəhəti nəticəyə oynaya bilməməsidir. Yəni, alman çalışdırıcı müdafiə futbolu oynatmağı bacarmır.

Xatırladaq ki, bu matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com