dd955451-e644-4b23-87b2-2b58a52c2355.jpg

Fındıqçılıqla bağlı həyəcan siqnalı: Azalmanın səbəbi nədir?

Baxış sayı: 214 dəfə baxılıb.

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 527 min dollar
dəyərində 8 844 ton meşə fındığı ixrac olunub. Bu barədə Dövlət Gömrük
Komitəsinin hesabatında bildirilir. 2023-cü ilin ilk yeddi ayında isə
Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 920 ton fındıq ixrac
olunmuşdu. Rəqəmlərə baxdıqda görürük ki, Azərbaycanın fındıq ixracı həmişə
artan dinamika ilə inkişaf edib. Lakin hazırda bu əksini görürük. Fındıq
ixracımızda azalma müşahidə edilir.

Bəs görəsən bunun səbəbi nədir? Fındıq ixracını yenidən əvvəlki vəziyyətinə
qaytarmaq üçün hansı işlərin görülməsinə ehtiyac var?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Tələbat az, məhsuldarlıq zəif

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, fındıq ixracının azalmasının
səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Fındıq ölkəmizdən digər ölkələrə həm
paketlənərək, həm də açıq şəkildə ixrac edilir: “Fındıq ixracının azalmasının
səbəblərindən biri ona olan tələbatla bağlıdır. Biz müəyyən ölkələrə fındıq
ixrac edirik. Lakin həmin ölkələrə başqa dövlətlərdən də fındıq ixrac olunur.
Ola bilər ki, daha keyfiyyətli fındıq ixracatçıları bizim bazarımızı ələ
keçirib. Fındıq ixracının azalması müvəqqəti xarakter də daşıya bilər”.

İqtisadçının fikrincə, digər bir məqam məhsuldarlıqla bağlıdır: “Sahibkarlar
zavodlara fındıq verməkdən boyun qaçırırlar. Çünki fındıq ixracı üçün nəzərdə
tutulmuş zavodlara məhsul yığan şəxs fındığı gətirib təhvil verdikdə sahibkar
kimi vergi uçotunda durmalıdır. Bu isə fındıq gətirən vətəndaşa müəyyən qədər
sərf etmir. Çünki burada tək tələb edilən vergi uçotuna dayanmaq deyil. Uçota
durduqdan sonra sahibkar kimi başqa tələblərlə də üzləşir. Fındıq zavodları
kəndliyə ödəniş etdikdə bunu çox zaman bank vasitəsilə etməli olurlar. Proses
bank vasitəsilə edildiyi üçün də şəxsin vergi uçotuna alınması tələb olunur. Bu
isə fermerlərdə fındıqçılığa olan marağı azaldır”.

Digər bazarlara üz tutmalıyıq

R.Qarayev problemin çıxış yollarından da bəhs etdi: “Fındıq ixracını artırmaq
istəyiriksə, müəyyən addımlar atılmalıdır. Çalışıb alternativ bazarlar tapmaq
lazımdır. Yəni, fındıq ixrac etdiyimiz ölkələrin coğrafiyasını genişləndirmək
də ixrac potensialımızın artırılmasında rol oynaya bilər”.

Ekspert bildirdi ki, alternativ bazarlar tapdıqdan sonra məhsuldarlığı inkişaf
etdirmək haqqında düşünməliyik: “Amma ilk hədəf məhsuldarlığın artırılması
qoyulsa, paralel şəkildə xarici bazarlar nəzərə alınmazsa, əməyimiz boşa getmiş
olar. Bu baxımdan əsas məqsədimiz əlimizdə olan bazarların əhatəsini
genişləndirmək olmalıdır. Bu məsələlər kompleks şəkildə həll edilməlidir. Bazar
təhlil edildikdən sonra digər çətinlik törədən məsələlər də aşkarlana bilər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi də müəyyən addımlar atmalıdır.
Sahibkarlarla görüşlər keçirilməli, kəndlilərlə istehsalın artırılması ilə
bağlı profilaktik iş aparılmalıdır”.

Məhsuldarlıq keyfiyyətsiz və aşağıdır

Fındıqçılıq təsərrüfatında çalışan sahibkar Eldəniz Doldolov da düşünür ki,
ixracın azalmasının səbəblərindən ən əsası məhsuldarlığın az olmasıdır: “Keçən
il məhsuldarlıq daha yaxşı olmuşdu. Bu il isə məhsuldarlıq əvvəlki illərə
nisbətən daha aşağıdır. İxracın artırılması üçün məhsuldarlıq artırılmalıdır”.

Fermer qeyd etdi ki, fındıqçılıq təsərrüfatları təbiətin hesabına inkişaf
edir: “Məhsuldarlığın artırılması üçün isə fındıq bağlarına qulluğu düzgün
təşkil etmək lazımdır. Amma bizdə fındıq bağlarına qulluq sıfır dərəcəsindədir.
Bu sahə ilə məşğul olan fermerlərin də sayı çox azdır. Onlar da fındıq
təsərrüfatlarına qulluq etməkdən boyun qaçırırlar. Yetişən fındıq da təbiətin
hesabına yetişir, inkişaf edir. Məhsul təbiətin ümidinə yetişdikdə, meyvələri
daha kiçik olur. Beləliklə, məhsuldarlıq da xeyli aşağı düşür və əldə etdiyimiz
fındıq da keyfiyyətsiz olur”.

E.Doldolovun sözlərinə görə, əgər fındıq bağlarına qulluq olunmazsa, gələcəkdə
həm istehsal, həm də ixracımız daha da aşağı düşəcək: “Yalnız şirkətlər öz
fındıq bağlarına bir az qulluq edirlər. Zavodu, fabriki olan sahibkarlar yeni
fındıq bağları salırlar. Min hektarlarla fındıq bağı olan sahibkarlar
mövcuddur. Həmin fermerlər fındıqçılıqdan gəlir əldə etdiyi üçün bağlarına
qulluq edirlər. Amma fermer normal gəlir götürə bilmədiyi üçün bağa da qulluq
etmək istəmir. Şirkətlərin hesabındakı fındıq bağları da ümumi fındıqçılıq
təsərrüfatlarının çox az hissəsini əhatə edir. Fındıq bağlarımız məhvə doğru
gedir. Düşünürəm ki, fermerlər fındıq bağları ilə bu cür davransa, vəziyyət
ildən-ilə daha da pisləşəcək”.

Source link