Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

Baxış sayı: 3. 145 dəfə baxılıb.

Budəfəki müsahibimiz hamımızın yaxşı tanıdığı simalardandır. 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülmüş Firdovsi Umudov hələ ki bu göstəricidə yeganə azərbaycanlıdır.

Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini olan Umudov bu ilin əvvəlindən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentlərindən biridir.

O, ÇıxışYolu.Com-a verdiyi müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.

– Gəlin, keçmişə səyahət edək. Uşaq vaxtı davakar olduğunuzu bilirik…

– Bir bacı və bir qardaş olmuşuq. Anam dərslərimizə fikir verən idi. Ancaq unutmayaq ki, mən Qazaxda böyümüşəm. Məhəlləmizə “Çayqırağı” deyirdilər. O məhəllə bir az “kriminal” olub (gülür). Davaya meyilli idik. Atam deyirdi ki, döyülüb, ağlayıb üstümə gəlmə. İndiki uşaqlara baxanda görürəm ki, onlar bir az cırlaşıblar. Amma biz başqa cür böyümüşük. Sel gəlib çay daşanda biz ayaqyalın o küçələrdə gəzirdik. Amma dərslərimi buraxmırdım.

– Davakar olmaqla oxumaq bir qədər ziddiyyət təşkil edir. Bunun öhdəsindən necə gəlirdiniz?

– Bunu müəllimlərim, sinif yoldaşlarım təsdiqləyə bilər. Orta məktəbdə əlaçı olmuşam. 11-ci sinfə kimi məktəbin Şərəf lövhəsində şəklim asılıb. Kitab əlimdən düşmürdü. 13-14 yaşlarımda Ramiz Tağıyev və Sahib Namazovun rəhbərliyi altında güləşməyə başladım. Ancaq buna qədər futbol oynayırdım. “Göyəzən” komandasının aşağı yaş qruplarında qapıçı idim. Həmçinin məktəbin komandasının da qapıçısı olurdum.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

– Futbolu davam etdirmədiniz, amma güləşin arxasınca getdiniz. Bunun səbəbi nə idi?

– Bilirsiniz ki, Qazax Azərbaycanda güləş üzrə inkişaf etmiş rayonlarımızdan sayılır. Ətrafımda olan insanlar futboldan çox, güləşə maraq göstərirdi. Həm də davakar, dəcəl olduğumdan, güləş fəndləri bilmək istəyirdim. Güləş həm də özünümüdafiə üçün lazımi idman növüdür. Düzdür, evdən idmanla peşəkar şəkildə məşğul olmağıma razı deyildilər. İstəyirdilər ki, ali təhsilli olum, oxumağın arxasınca gedim.

– Uşaq vaxtkı davadan, dəcəlliyinizdən hər hansısa bir iz, xatirə qalıbmı?

– Həmin dövrdən xatirə burnum qalıb (gülür). Qaldığımız evdən qaça-qaça gəlib bir borudan tutmaq istəyirdim. Tullananda onu tuta bilmədim və üzü üstə yerə yıxıldım. Burnum qırıldı. Amma onu da deyim ki, burnum qırılsa da, ağlamadım. Əlim də uşaq vaxtı dava zamanı qırılıb. Alnımda isə çapıq var. Bunlar hamısı uşaqlıqdan qalma xatirələrdir. Göründüyü kimi, davadan heç kimə xeyir gəlməyib.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ– Qırıqlardan söz düşmüşkən, güləşdə qulaqların qırılması çox olur. Oğlan uşaqlarının güləşlə məşğul olmamasının bir səbəbi boyun bəstə qalmasıdırsa, digər səbəbi həmin qırılma hallarıdır…

– 13-14 yaşlarında biz cəbhə bölgəsində kişilik, torpağı qorumaq haqda düşünürdük. Biz gözəllik haqda fikirləşməmişik. Kişinin kişi görkəmi, kişi xarakteri olmalıdır. Qulaq qırıla da bilər. Hər bir şey qurban tələb edir. Güləş kişi idman növüdür. Bəlkə də bizim rayonda başqa idman növü populyar olsaydı, mən onu seçərdim. Atamda güləşə dair jurnal vardı. Orda məşhur Sovet güləşçilərinin şəkilləri vardı. Qazaxda güləşdən çox danışılırdı. Evdə də gördüyüm bu idman növü idi.

Atam güləşlə bərabər boksda Məhəmməd Əlinin döyüşlərinə baxırdı. Evdən çox şey asılıdır. Adımın Firdovsi qoyulması da güləşlə bağlıdır. Atamın dostu Firdovsi Ömərova görə belə qoyulub. 1992-ci ildə keçmiş Əli Bayramlıda (indiki Şirvan) milli qəhrəman Nofəl Quliyevin xatirəsinə keçirilmiş beynəlxalq turnirdə çempion oldum. Həmin atamın dostu çəkiölçmə mərasimində idi. Doğum şəhadətnaməmə baxanda məni tanımışdı. Elə oldu ki, sonra onun rəhbərliyi altında Sumqayıtda məşq etmişəm. Onun məşqçiliyi sayəsində gənclər arasında Avropa çempionatının mükafatçısı oldum, dünya birinciliyində iştirak etdim. 1993-cü ildən 2004-cü ilədək millinin üzvü olmuşam.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ– Qeyd etdiniz ki, valideynləriniz güləşlə peşəkar şəkildə məşğul olmağınızı istəmirdi. Bəs, buna necə razılaşdılar? 

– Atamın xəbəri yox idi. O bunu yalnız rayon birinciliyinə gedəndə bilmişdi. Qabaq-qabağa oturub mənə dedi ki, burdan o tərəfə geriyə yol olmayacaq. Ya güləşlə məşğul ol, ya da təhsilin dalınca get. 2-3 ilin içində yeniyetmələr üzrə ölkə çempionu olub yığmaya düşdüm. Halbuki həmin vaxtlar çətin şəraitdə məşq edirdik. Məşq zalımızın yanına top, qrad mərmisi düşürdü. Mən bunları yaşadığımdan, həmişə indiki şəraitlə keçmişi müqayisə edirəm.

İndiki şəraitdən bəhrələnmək lazımdır. 90-cı illərin əvvəllərində ölkədə xaos yaşandığından, biz Almaniyadakı dünya çempionatına gedə bilmədik. Orada iştirak etsəydik, bəlkə də yeniyetmələr üzrə bir neçə dünya çempionumuz olacaqdı. Amma 1993-cü ilin iyul-avqust aylarında gənclərin Avropa çempionatında iştirak etdim. 1995-ci ildə Almaniyadakı Avropa çempionatına gedəndə iki nəfər yer tutdu. Rəhim Namazov gümüş, mən isə bürünc medal qazandım. Hər ikimiz Qazax güləş məktəbini təmsil edirdik.

Biz o vaxt pul, mükafat haqda yox, dövlət, bayraq haqda düşünürdük. İndiki milli üzvləri o vaxtkı çətinliyi, ölkənin xaos dönəmlərini görməyib. Bəziləri heç o vaxt anadan olmamışdı. İndiki dövrü tərifləyəndə deyirlər ki, yaltaqlanır. Düzünü demək bəyəm yaltaqlıqdırmı? 1993-cü ildəki qitə birinciliyində Azərbaycanı tanımırdılar. Biz necə Afrika ölkələrini az tanıyırıqsa, o vaxt da bizə qarşı münasibət elə idi. İndi isə maşallah hamı tanıyır. Ölkəmiz dövlət başçımızın uğurlu siyasəti nəticəsində dünyada tanınır. Eləcə də idmana dövlət səviyyəsində qayğı yüksək dərəcədədir. Bu üzdən mən ölkəmlə fəxr edirəm.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

– Bəs niyə məhz güləşin sərbəst növünü seçmisiniz? Bunu böyüdüyünüz bölgədə daha çox sərbəst güləşin populyar olması ilə əlaqələndirmək olar?

– Orda yunan-Roma güləşi ilə məşğul olanlar da vardı. Bayaq qeyd etdiyim kimi, bu, mühitdən asılı olan işdir. Atam vaxtı ilə sərbəst güləşlə məşğul olub. Düzdür, peşəkar şəkildə olmayıb, amma özü üçün turnirlərdən medallar, diplomlar qazanıb. Amma düz qeyd edirsiniz ki, bizim rayonumuzda döyüş növlərindən əsas inkişaf etmişi sərbəst güləş idi.

– Bizdə olan məlumata görə, siz vaxtı ilə avtomobil qəzası da keçirmisiniz. Bu hadisə necə baş verib?

– Dostlarla rayona gedirdim. Həmin vaxt avtomobil qəzasına düşdük. Bunu çox adam, hətta evdən heç kim bilməmişdi. Anam zəng vuranda demişdilər ki, gəlirik. Belə hadisə hər bir adamın başına gələ bilər. 22-23 yaşımda – güləşdə ən yaxşı vaxtlarımda belə bir qəza keçirməyim çox pis oldu. Ölümdən döndüm. Bir həftə qolum sınıq gəzdim, qabırğam ağ ciyərimi zədələmişdi. Bu ağrılar dözülməz idi. Üstəlik, həmin vaxtlar valideynlərsiz Bakıda yaşayırdım.

Qəza keçirdiyim vaxtlarda dostumu-düşmənimi tanıdım. Düzdür, sonradan həmin insanları yenə yaxınıma buraxdım. İndi oturub fikirləşirəm ki, mən niyə bu səhvləri etdim? Mən əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm. Halbuki həmin insanlar mənə dost idilər. Gözümü açanda dostlarımı soruşdum, dedilər ki, onlar gedib.

Narkozdan ayılandan sonra zəng etdim ki, hardasınız? Dedilər ki, işimiz çıxdı, getdik. Məndən vacib işinizmi var? O qəza müddətində yalnız Elsevər Zeynalov adlı uşaqlıq dostumu gördüm. O bütün əməliyyat proseslərində yanımda oldu. Sonra deyəndə ki, siz yaxşı dost deyilsiniz, pislərinə gəlir. İş, vəzifə bu gün var, sabah yoxdur. Amma hər zaman alnın açıq, üzün ağ olmalıdır.

Ətrafın hər zaman səni qorumalıdır. Bir nəfər haqda pis fikir formalaşdırmaq üçün insanların çox olduğu yerdə yalan danışsan, sənin haqda neqativ düşüncə formalaşacaq. İndi həmin insanlardan uzağam. Mən qulluqçu ailəsindən çıxmışam. Zülm-zəhmətlə bu yerə gəlmişəm. Yığmada əynimizə geyməyə forma tapmırdıq. Təlim-məşq toplanışı keçirmirdik. Dişim, dırnağım, alın tərimlə bu səviyyəyə gəlib çatmışam. Nizam-intizama hər zaman fikir vermişəm. Bu üzdən Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantıyam.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

– Ondan sonra idmançı karyeranızı bitirdiniz?

– Yox, ondan sonra da davam etdim. Qolumda mil ola-ola hardasa 6-7 ay sonra çıxıb ölkə çempionu oldum. Amma böyük turnirlərdə yarışa bilmədim. Qolumda şiddətli ağrılar olduğundan, həkimlər güləşməyimə icazə vermədi. Qolumdakı mil qırılıb sümüyə girmişdi. İkinci dəfə əməliyyat olundum. Ondan sonra 2004-cü ildə güləşməyi dayandırdım.

– Valideynlərdən sizdən narazılıq edənləri olubmu?

– Hamının xoşuna gəlmək mümkün deyil. Əksər vaxt günah məşqçidə görülür. İlk günahı öz övladında görməlisən. Mən millidə nizam-intizama fikir verən adamam. Əgər intizam yoxdursa, idmançı qaydalara riayət etmirsə, onu tənbeh etmək lazımdır, tərifləmək yox. Yığmada olduğum müddətdə atam bir dəfə olsun məni tərifləməyib. Deyir, ağladan yanında otur, güldürən yanında yox. Tərifin də, tənqidin də öz yeri var. Bu dəqiqə kiminsə haqqında pis şey yazın, tanıyan da, tanımayan da başlayacaq təhqirə. Sən axı onu tanımırsan, eşitməyə görə niyə şərh yazırsan?!

Ən zəhləm gedən şey kənardan deyilənə əsasən insan haqda pis fikir formalaşmasıdır. Bu dəqiqə Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov öz çəkilərində bir nömrədirlər. Onların çəkisində legioner olsa da, qalib gəliblər. Hacı Əliyev əbəs yerə üçqat dünya çempionu olmayıb. 2006-cı ildən bu uşaqlarla birgə çalışıram. Onların yeniyetmələrin baş məşqçisi olduğum vaxtdan tanıyıram.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏBəzən bilmədən idmançıları tənqid edirlər. Namiq və Arif Abdullayev qardaşları 2004-cü il Olimpiadasından bir neçə gün öncə atalarını itirdilər. Fərid Mansurov 2008-ci il Olimpiadasında yarışa 1-2 gün qalmış qırx dərəcə temperaturu qalxdı. Çıxıb, uduzdu. Başladılar, baltalamağa. Belə şeylər idmançıya psixoloji təsir göstərir. Bu, məşqçilər üçün də pisdir.

Mənə 41 yaşdan çox verərsiniz. Çünki adam çox yüklənir. Olimpiada zamanı çəkdiyim stressi Allah heç kimə göstərməsin. Məşqçilər olub ki, güləşçini danlamaqdansa, ona bəraət qazandırır. Onu vaxtında tənqid etməlisən. Yığmada şəxsi mənafe olmamalıdır. Əvəzolunmaz insan yoxdur. Firdovsi də bir neçə ildən sonra olmayacaq. Biz həmin güləşçiləri öz yerimizə mütəxəssis kimi hazırlamalıyıq.

Azərbaycanda Faiq Qarayev, Qurban Qurbanov kimi yaxşı yerli məşqçilər var. Niyə bura başqa yerdən mütəxəssis gətirilməlidir? İranda bayrağımız tərsinə açılanda mən düzəltdirdim. Əcnəbi olsaydı, buna fikir verməyəcəkdi. İçimizdə patriotizm, vətənpərvərlik olmasa, nəticədən danışmaq qeyri-mümkündür.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

– Sizin haqqınızda mənfi fikir söyləyən insanlar nəyi əsas gətirir?

– Kənardan kobud, özündənrazı görünməyimi. Neyləyim ki, mən də belə anadan olmuşam (gülür). Mən evlənəndə də haqqımda pis sözlər danışanlar vardı. Ancaq sonra pis düşünənləri inandıra bildim ki, mən əslində elə insan deyiləm. Ümumiyyətlə, insan qabağa getdikcə, səni istəməyən qüvvələr haqqında pis fikir formalaşdırmağa başlayır. Bunu edənlər tanıdığım insanlar idi. Soruşurdum ki, mənim haqda niyə pis danışırsan, deyir ki, bizə də elə deyirdilər. Nə olsun, sənin haqda da çox şey deyirlər…

– Sizi artıq cənnətdə hesab etmək olar?

– O, Allahın əlindədir. Bilirəm, bunu niyə deyirsiniz. Üç qız övladı olan cənnətlikdir deyirlər. Allah bilən məsləhətdir. Qoy hər kəs öz əməlinə görə qiymətləndirilsin. Mərdiməzar insanları da Allah bizdən uzaq etsin.

Firdovsi Umudov: Əməliyyat stolunda məni qoyub gedən dostlarımı gördüm – MÜSAHİBƏ

– Bayaq qeyd etdiniz ki, nizam-intizama fikir verənsiniz. Hətta öz yaxınlarınızdan birini buna əməl etmədiyi üçün millidən kənarlaşdırmısınız. Kim olub o?

– Öz doğma əmim oğlu. Bu, 2008-ci ildə olub. Onda mən yeniyetmələrin baş məşqçisi idim. Məşqlərə gecikirdi deyə, belə etdim. İndi özü Bakıda güləş məşqçisi işləyir. Bu əslində o birilərə də dərs olmalıdır. Qohumbazlıq olan yerdə, nəticə də olmaz. Mən öz köməkçi məşqçilərimə də irad tuturam. Əgər o, iradı başa düşmürsə, onunla işləməyə dəyməz.

– Yəqin ki bu addımınıza görə qohumlarınızdan sizdən inciyən olar…

– Atam buna görə zəng vurdu. Dedim ki, mən öz prinsiplərimdən kənara çıxa bilmərəm. Əgər belə etməsəydim, məşqə gecikən uşaqlar səhəri gün deyəcəkdi ki, necə olur öz əmioğlunu cəzalandırmırsan, bizi cəzalandırırsan?! Nizam-intizam qaydaları hamı üçün eynidir. Bir-iki dəfə üzrlü səbəblərdən gecikmək olar. Amma bu ardıcıl hal almamalıdır.

Səbuhi MUSAYEV
Fotoqraf: Sadiq FƏRZƏLİBƏY

www.ÇıxışYolu.Com