Firdovsi Umudov: “Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq
yarışlarda yaxşı nəticələrə ümid edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Ağırlıqqaldırma Federasiyası Bolqarıstandakı Avropa çempionatı və
Tailanddakı Dünya Kubokunda yaxşı nəticələrə ümid edir”.
“Report” xəbər verir ki, bunu qurumun vitse-prezidenti Firdovsi Umudov
jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda yeni istifadəyə verilmiş bazada Özbəkistan yığmasının təlim-məşq
toplanışı keçdiyini xatırladıb:
“Milli komandalarımız hazırda Türkiyədə məşqlərini davam etdirirlər.
Qadınlardan ibarət yığma Ankarada, kişilər isə Çorum şəhərindədirlər. Məqsəd
gələcəkdə idmançılarımızın təcrübələrinin artırılmasıdır”.
Federasiya rəsmisi ağırlıqqaldıranların şəraitini yaxşılaşdırmaq istədiklərini
söyləyib:
“Beynəlxalq arenada sözümüzü demək istəyirik. Dövlətimiz idmana diqqət və
qayğı göstərir. Yeni bazanın istifadəyə verilməsi də bunun bariz nümunəsidir.
Özbəkistan dünyada ağırlıqqaldırmada tanınmış komandadır. Belə məşq prosesləri
ənənə halını alacaq. Hədəf və məqsəd kütləviliyi artırmaq, yeniyetmə və
gənclərin məşq proseslərini düzgün şəkildə davam etdirməkdir. Bildiyiniz kimi,
yeni məşqçilər korpusu artıq təsdiq olunub. Onların da qarşısına yarışlarla
bağlı məqsəd qoyulub”.