Azərbaycanın 1969-cu ildən başlayan otuz beş illik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilirdi. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı.
Bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Mütəxəssis qeyd edib ki, ötən əsrin 70-ci illərində təkcə paytaxt Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. Həmin dövrdə Bakıda möhtəşəm idman sarayı inşa edildi, onlarca uşaq-gənclər idman məktəbləri fəaliyyətə başladı. Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda, bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Ümummilli lider bədən tərbiyəsinin geniş vüsət aldığı yerdə yüksək idman nəticələrinin də olacağını vurğulayırdı.
F.Umudov qeyd edib ki, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı, dövlətçiliyi xilas edildi, ölkəmizin tarixində müasir mərhələ başlandı: “Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə – 1991-1993-cü illərdə ölkəmiz böyük problemlərlə qarşılaşanda xalqımız üzünü Heydər Əliyevə tutdu. Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyimiz xilas edildi, tariximizin, bərpa edilmiş müstəqilliyimizin yeni dövrü başlandı. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən idmanın və bədən tərbiyəsinin inkişafı ilə bu sahədə yüksəlişin əsası qoyuldu. Heydər Əliyev öz xalqının idmana meylini yüksək dəyərləndirirdi: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var”.
Ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Prezidenti yanında Fond yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi, dünya şöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı.
İdmanı, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahə adlandıran Ümummilli Lider dövlətimizin dünyada tanınmasında, nüfuzunun yüksəlməsində idmanın mühüm rolunu qeyd edərək deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.
Vitse-prezident vurğulayıb ki, Heydər Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti sayəsində Azərbaycan qısa zamanda mühüm nailiyyətlər qazandı. Eləcə də bədən tərbiyəsi və idman sahəsində də möhtəşəm qələbələr əldə edildi. Azərbaycan ilk dəfə 1996-cı ildə Atlanta Olimpiadasında 23 idmançı ilə iştirak etdi və 197 ölkə arasında 61-ci yeri tutdu. Bu, beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyətimiz idi. Ulu Öndər qeyd edirdi ki, idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərin qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir”.
F.Umudov ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirildiyini vurğulayıb: “1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanaraq ümumi nəticədə 199 ölkə arasında 34-cü yeri tutdular.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırdı. Ulu öndər Heydər Əliyevin də idmançılarımızdan gözlədiyi məhz bu möhtəşəm qələbələr və ölkəmizi dünyada təbliğ etmək idi”.
Vitse-prezident qeyd edib ki, Azərbaycanın idman sahəsində qazandığı qələbələrdə güləşçilərin də böyük payı var. Xalqımızın ənənəvi idman növlərindən sayılan güləş üzrə ötən müddətdə Avropa, dünya, Olimpiya çempionları yetişiblər. Pəhləvanlarımız dövlətimizin diqqət və qayğısına cavab olaraq daha böyük qələbələr qazanmaq arzusundadırlar.
“Azərbaycan bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ulu Öndərin milli maraqlara əsaslanan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Şübhəsiz, idman da diqqət mərkəzindədir və əldə edilən qələbələrin sayı getdikcə artır. Dövlət tərəfindən idmançılara göstərilən qayğı, şəxsən dövlətimizin başçısı İlham Əliyevin diqqəti biz idmançıları daha böyük qələbələr qazanmağa sövq edir. Bakı ilə yanaşı, rayonlarda da idmanla məşğul olmaq üçün yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir. Ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış parlaq nəticələr bir daha təsdiq edir. Bu düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkəmiz dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, atletlərimiz isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın idman sahəsində qazandığı böyük uğurlar beynəlxalq idman təşkilatlarının diqqətini cəlb edib. Buna görə də onlar nüfuzlu beynəlxalq turnirlərin keçirilməsi hüququnu tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Son illərdə ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur. I Avropa, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri var. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində bu oyunların səs-sorağı bütün dünyaya yayıldı”, deyə F.Umudov bildirib.
Qeyd olunub ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətimizin ümumi inkişaf səviyyəsini göstərir. Diqqət etsək görərik ki, idman dünya ölkələrinin iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi həm də təbliğati-siyasi məzmun daşıyır. Əldə etdiyimiz medallar, geniş idman infrastrukturu, ölkəmizin mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bu sahədə nailiyyətlərimizin əsasını təşkil edir.
Bu günlərdə qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 illiyini qeyd edir. Bütün sahələrdə dinamik inkişaf edən, dünyada söz-nüfuz sahibinə çevrilən və qabaqcıl ölkələr arasında layiqli yerini tutan qüdrətli Azərbaycan dövlətinin uğurları getdikcə artır. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu inkişaf strategiyası sayəsində mümkün olub. Bu gün ölkəmizin idman ictimaiyyəti əmindir ki, ulu öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin Azərbaycanın inkişafına xidmət edən siyasi xətti idmanımızın da tərəqqisinə böyük töhfələr verəcək.