Bir neçə il öncə Əməkdar artist Firüzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.
Tədbirlərin birinə qatılan sənətçi ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:
“Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.
F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da redaksiyamız vasitəsi ilə ikibaşlı mesaj ünvanlayıb:
“İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı”.
Əməkdar artist müsahibəsinin sonunda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:
“İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, “zəmidir”. Ümid edirəm nə vaxtsa, mənim də “zəmim” bəhrəsini verər.
Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir”.
Rəşad Əliyev