“Fitch Ratings” SOCAR-ın hasilatının artım tempini proqnozlaşdırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təbii qaz hasilatının artması fonunda Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) hasilatı 2023-2025-ci illərdə hər il 0,5 faiz artacaq.
“Trend”in məlumatına görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq
agentliyinin proqnozlarında deyilir.
“SOCAR-ın 2022-ci ildə neft və qaz hasilatı ümumilikdə sutkada 284 min barel
neft ekvivalenti olmaqla sabit qalıb. Bu, Azərbaycanda neft hasilatının 6%
azalması, qaz hasilatının isə 7% artması fonunda baş verir. Azərbaycanda neft
hasilatı tarixi göstəricilərə görə, azalıb və biz vəziyyətin ciddi şəkildə
dəyişəcəyini gözləmirik. Təbii qaz hasilatının artması fonunda SOCAR-ın
hasilatının 2023-2025-ci illərdə hər il 0,5% artacağını güman edirik”, – deyə
reytinq agentliyi bildirib.
“Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli
emitentin defolt reytinqini və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində
təsdiqləyib.
“Proqnoz müsbət olaraq qalır. Aktivlərin bərpası reytinqi “RR4”dür. Biz
SOCAR-ın müstəqil kredit profilinin qiymətləndirilməsini şirkətin daha güclü
maliyyə profili fonunda “b+”dən “bb-”yə qədər yenidən nəzərdən keçirdik”, –
reytinq agentliyi bildirib.
Qeyd edildiyi kimi, SOCAR bütövlükdə dövlətə məxsusdur və onun reytinqi
hazırda “Fitch”in dövlətə bağlı şirkətlər üçün reytinq meyarlarına uyğun olaraq
Azərbaycanın reytinqinə (“BB+”/Pozitiv) bərabərdir.
“Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapital qoyuluşları
şəklində göstərilən dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və
onun neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə
gücləndirilir”, – reytinq agentliyi bəyanatında deyilir.
Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz
kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının daxili
və beynəlxalq bazarlarda satışı, Azərbaycan əhalisi, eləcə də Avropa əhalisi və
müəssisələri üçün neft-kimya məhsullarının satışı, neft və qaz yataqlarının
tədarükü ilə məşğuldur.
Şirkətin Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi
ölkələrdə müxtəlif fəaliyyətləri, o cümlədən İsveçrə, Sinqapur və Nigeriya
başda olmaqla ticarət fəaliyyətləri var.
Qeyd edək ki, SOCAR-ın 2023-2026-cı illər üçün kapital qoyuluşları 12,6
milyard manat (indiki məzənnə ilə 7,4 milyard dollar) həcmində qiymətləndirilir.