Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəri dollarlaşmanın
və problemli aktivlərin kapitallaşmaya təzyiqinin azalması ilə əhəmiyyətli
dərəcədə möhkəmlənib.
“Report” bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin
Azərbaycanın bank sektoruna dair hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu inkişaf kredit portfelinin strukturunun yaxşılaşması,
tənzimləyici nəzarətin gücləndirilməsi və maliyyə bazarının inkişafı ilə
bağlıdır.
“Azərbaycanın bank sektoru MDB+ regionunda ən az kreditləşdirilmiş sektor
olaraq qalır. 2024-cü ilin birinci yarısının sonunda kreditlərin ÜDM-ə nisbəti
20%-ə çatıb. Bu, növbəti illərdə sektorun böyüməsi və gəlir imkanlarının
artması üçün əlverişli şərait yaradır. Proqnozlara görə, 2024-cü ildə
kreditləşmənin artım sürəti 20%-ə çatacaq, lakin 2025-ci ildə bu artım 15%-ə
qədər yavaşlayacaq.
Sektorun tarixən zəif olan aktivlərin keyfiyyəti 2018-ci ilin sonundan bəri
əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, Azərbaycan Beynəlxalq Bankının (ABB)
balansının təmizlənməsi və 2016-2023-cü illərdə zəif bankların lisenziyalarının
ləğv edilməsi nəticəsində mümkün olub. Hazırda banklar daha çox pərakəndə
kreditləşməyə yönəliblər ki, bu da 2024-cü ilin ortalarına ümumi kreditlərin
58%-ni təşkil edib, halbuki 2018-ci ilin sonunda bu göstərici 41% idi”, – deyə
hesabatda bildirilir.
“Fitch” qeyd edib ki, sektorun aktivlərinin keyfiyyəti balanslaşdırılmış
strukturla dəstəklənir, belə ki, 2024-cü ilin birinci yarısında xalis kreditlər
ümumi aktivlərin 48%-ni təşkil edib və qeyri-kredit aktivlərinin keyfiyyəti
yüksəkdir. Pərakəndə kreditləşməyə diqqətin artırılması və valyuta sabitliyinin
davam etməsi dollarlaşmanın azalmasına və gəlirliliyin artmasına kömək edib,
çünki pərakəndə seqmentdə marjalar korporativ seqmentə nisbətən daha yüksəkdir,
hesabatda qeyd olunub.
Agentlik proqnozlaşdırır ki, növbəti illərdə sektorun kapitalın rentabelliyi
15%-dən yuxarı qalacaq. Dəyərsizləşmədən əvvəlki mənfəət göstəriciləri (2024-cü
ilin birinci yarısında ümumi kreditlərin orta hesabla 7.5%-i) və birinci
səviyyəli kapital əmsalı (14.9%) zərərlərin udulması üçün kifayət qədər
dayanıqlıq təmin edir.
“2022-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tənzimləyici nəzarəti
gücləndirərək, pərakəndə seqmentdə effektiv makroprudensial tədbirlər həyata
keçirib və normativ bazanı təkmilləşdirib. Bu addımlar bankların risk profilini
yaxşılaşdırıb.
AMB problemli aktivlər üçün kifayət qədər ehtiyatlanma və əlaqəli tərəflərin
müəyyən edilməsinə sərt yanaşma tətbiq edib ki, bu da tənzimləyici-hüquqi
bazanı əməliyyat mühitinə mənfi təsir edən amillər siyahısından çıxarmağa imkan
verib.
2022-ci ilin sentyabrında AMB pul-kredit siyasətinə yenidən baxaraq, izafi
likvidliyin idarə edilməsini yaxşılaşdırmaq və faiz dərəcələrinin ötürülməsini
gücləndirmək məqsədilə dəyişikliklər edib. Bu tədbirlər və qısamüddətli
banklararası bazarın aktivləşməsi nəticəsində “Fitch” maliyyə bazarının
inkişafını əməliyyat mühitinin qiymətləndirilməsi zamanı mənfi amillərin
siyahısından çıxarıb”, – deyə hesabatda qeyd olunub.
Bu müsbət dəyişiklikləri və maliyyə dayanıqlığının artmasını nəzərə alaraq,
“Fitch” Azərbaycanın bank sektoru üçün əməliyyat mühitinin reytinqini
“B+”/müsbətdən “BB-“/sabitə yüksəldib. Azərbaycanın ən böyük bankı olan
Azərbaycan Beynəlxalq Bankının reytinqi də “BB-“/müsbətdən “BB”/müsbətə
artırılıb.