Folklorşünas alim: “Xıdır Nəbi bayramı təbiətin oyanmasının başlanğıcı sayılır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el
arasında geniş yayılmış mərasimlərindən biridir. Hər il fevral ayının 9-u,
10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xıdır İlyasın doğulduğu gün) Xıdır Nəbi
bayramı xüsusi qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-dək olan kiçik
çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi “su, külək və havanın
himayəçisi” kimi təqdim edilir. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli
məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və
Xıdır Zində olması barədə fikirlər müxtəlifdir. Kiçik çillənin çıxması
münasibətilə keçirilən Xıdır Nəbi bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və s.
bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Folklor İnstitutu Qərbi Azərbaycan
folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş
Vəliyev deyib.
“Naxçıvandan toplanılmış rəvayətlərdən birində deyilir ki, “Xıdır peyğəmbər
bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda
bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır,
su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir.
Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il
yaşayır, çinar ağacı da uzunömürlüdür.
Ümumiyyətlə, xalqda inam var ki, Xıdır peyğəmbər darda qalanların, çətinliyə
düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə
çatıb. Buna görə də qışın “oğlan çağı”nda Xıdır peyğəmbərin şərəfinə Xıdır Nəbi
mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan
xilas olmaq anlamına gəlir”, – deyə alim bildirib.
Onun sözlərinə görə, Azərbaycan folklorunda Xıdır, Xıdır baba və Xıdır Zində
ilə bağlı inanclar çoxdur:
“Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə, bu ağacı
Xıdır peyğəmbər ehsanlıq üçün əkib. Yaxud “Xıdır gecəsi” peyğəmbər hansı
qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzi-bərəkəti artar. Xalqın
Xıdır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə
çevrilib. “Xıdır İlyas haqqı”, “Xıdıra and olsun”, “Xıdır Zində babaya and
olsun” və bu səpkili digər andlar xalqın bu obraza olan məhəbbət və inamından
doğub. Bəzi alqışlar da məhz Xıdır peyğəmbərin adı ilə bağlıdır. Məsələn,
“Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına
yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin”, “Xıdır köməyinə
yetsin”, “Xıdır səni dardan qurtarsın”, “Xıdır səni yolda qoymasın”, “Xıdıra
rast gələsən”, “Xıdır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”,
“Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin” və s.
Xalq ədəbiyyatında Xıdırla bağlı əfsanə və rəvayətlər də geniş yayılıb.
Əfsanələrin birində deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu
içən heç vaxt ölmür. Xıdır o dirilik suyundan içdiyi üçün həmişə diridir və
yaşayır. Xıdır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam
olasan, heç kəsi incitməyəsən. Xıdırı kim görsə, ondan nə istəsə, yerinə
yetirər”. Eyni zamanda, “Xıdır İlyas” Xıdır adlı yaşıl geyimli müqəddəs ruhdur
və hər adamın gözünə görünmür. Çətinə düşən yolçulara kömək edən ilahi qüvvə
kimi, o, dastanlarımızda da təsvir olunub. Xıdır gah yaşıl rəngli, gah da boz
atlı kimi təsvir edilir. Azərbaycanda Siyəzən rayonunda Xıdır Zində adlı pir də
var. Dənizdən başlamış Xıdır Zində pirinə qədər bir sıra yerlərdə onun izləri
indi də qorunur. Beşbarmaq dağında atının və özünün ayaq izlərinin olmasına
inam var və bu yer də müqəddəs pir kimi yolçular tərəfindən xüsusi ehtiramla
yad edilir”.
Folklorşünas alim qeyd edib ki, dünya ədəbiyyatında da Xıdırla bağlı əfsanə və
rəvayətlər çoxdur. Xıdır peyğəmbər Orta Asiya müsəlmanları içərisində
yaşıllığın hamisi kimi tanınır. Buxarinin bir hədisinə görə, Xıdır bir boş
yerdə əyləşirdisə, ora sonra çəmənliyə dönürdü. Əbu Həyyan əl Əndəlusi
(1256-1344) onun tarixi şəxsiyyət olduğunu, Ayni isə (1331-də vəfat edib) onun
Musa peyğəmbər zamanında yaşadığını yazıb.
Ə.Vəliyev Naxçıvanda Xıdır Nəbi bayramına hər il xüsusi hazırlıq görüldüyünü
qeyd edib:
“Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən
tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın
əsas atributları qovrulmuş buğda (qovurğa) və qovut hesab olunur. Buna görə də
təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır.
Qovurğa sonra kirkirədə (dəstərdə) çəkilərək iki hissəyə ayrılır. İri
dənəciklər yarmalıq üçün, narın hissə isə qovut üçün qablara yığılır. Qovutu
hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür,
üstünə doşab, şirə və ya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda
sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi
Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud,
küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə
qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da
qatılır. Həmin xonçanın ortasına bir qabda qovut da qoyulur. Xonça evdə
əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xıdır peyğəmbər gəlir, ona
əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı
plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik
gətirir. Evdə Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır.
Bayram günü ən çox uşaqlar sevinir. Hava qaralandan sonra onlar qapılara gedib
torba atır və Xıdır payı istəyirlər. Uşaqların torbalarına Xıdır xonçasındakı
şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar”.
Alim bildirib ki, Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin
köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata
evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılıb. Xıdır
xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi
xonçasından əlavə, şirniyyat və meyvə xonçaları da pay aparılır.
Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas kimi adların
qoyulması geniş yayılıb. Bu adların verildiyi uşaqların çətinlik çəkməyəcəyinə,
darda qalmayacağına inanılır.
“Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə
xəbərçi çərşənbə gəlir. Bu bayram həm də Novruza giriş rolunu oynayır. Daha
sonra torpaq, od, su və ilaxır çərşənbələr gəlir və Novruz bayramı qeyd edilir.
Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır.
Xıdır Nəbi mərasimini nəsildən-nəslə ötürmək üçün yaşadılması olduqca
vacibdir. Bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə
birləşdirir. Ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla
yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən bu cür bayramların
qorunması və tanıdılması hər bir vətəndaşın borcudur”, – deyə Ə.Vəliyev fikrini
yekunlaşdırıb.