“Foreign Affairs”dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesaj
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin məşhur “Foreign Affairs” jurnalı ölkəsində ən nüfuzlu xarici siyasət
jurnallarından biri hesab olunur.
Uzun tarixi ərzində jurnal öz səhifələrində bir sıra vacib hesab olunan
məqalələri, o cümlədən Corc Kennanın 1947-ci ildə nəşr olunmuş “Х Article”
yazısını, həmçinin 1993-cü ildə nəşr olunan Samuel Hantinqtonun
“Sivilizasiyaların toqquşması” adlı məqaləsini dərc etmişdir.
İndi də bu mötəbər nəşr Ukraynaya proqram xarakterli istiqamət verir: Rusiyanı
məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları
dondurmaq.
“Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa
imkan verəcək, Ukraynaya daxil olan qərb silahlarını döyüş meydanında tez
xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa
imkan yaradacaq.
Atəşkəsin dəqiq şərtləri – vaxt, təmas xəttinin dəqiq yeri, silah və
qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş
beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatınln (ATƏT) himayəsi altında işlənilib hazırlanmalıdır. Bunu
müəlliflər – Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti,
“Centerview Partners”ın baş məsləhətçisi Riçard Natan Has və Corctaun
Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, Barak Obama
administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə
baş direktor vəzifəsində çalışıb Çarlz Kupçan tövsiyə edir” – deyə dərc olunan
materialda qeyd olunur.
“Ukraynanın Qərbdəki dostları ukraynalılar üçün acı həbi şirinləşdirə bilər və
şirinləşdirməlidir. ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları
koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm
də Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyini götürməlidirlər. Bu öhdəlik
NATO Müqaviləsinin bir üzvün “ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya
təhlükəsizliyi” üçün təhlükə yarandıqda dərhal məsləhətləşməni nəzərdə tutan
4-cü maddəsinə əsaslanmalıdır. Bu yaxınlarda Kiyevlə üzvlük danışıqlarına
başlamaq niyyətini açıqlayan Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün
vaxt cədvəlini qısaltmalı, Ukraynaya xüsusi razılaşma təklif edərək Aİ-nin
işini asanlaşdırmalıdır. Qərb müttəfiqləri də açıq şəkildə bildirməlidirlər ki,
Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları Ukraynanı tərk edənə
qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası arxasında ərazi
bütövlüyünü bərpa etməyə kömək edəcəklər” – “Foreign Affairs” vurğulayır.
“Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra
qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün
perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf
davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və
suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin
vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağına heç bir əsası olmayacaq. Ancaq
hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara
bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir riskə
getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid
üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq – Ukraynanın gələcəyi ilə
ağılsız risk hərəkət etmək demək olacaq” – deyə bildirib.