2c83e0bd-8760-4e20-a6d5-a9553afce4ee..jpg

“Formula-1”: Abşeron tribunasının B sektorunun biletləri tamamilə satıldı

Baxış sayı: 610 dəfə baxılıb.

“Formula-1”: Abşeron tribunasının B sektorunun biletləri tamamilə satıldı

“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun
biletləri tamamilə satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata
görə, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca
ikinci sektordur.

BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son
zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı
yarışına göstərdiyi böyük maraqla əlaqələndirib:

“Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı
izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf
edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə
müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının
ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə Sprint yarışına
ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq
qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək.
Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə
etməyə çağırıram”.

Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır. Əldə olunan son
məlumata görə, builki Azərbaycan Qran-prisinə ümumilikdə 100-ə yaxın ölkədən
bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya,
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya,
İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi
ölkələr üstünlük təşkil edirlər.

Bilet alışına görə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland
qərarlaşıb.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə
təsadüf edəcək.

Source link