Bu gün “Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-Prisi üçün bilet satışına start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Onun sözlərinə görə, yarışın keçirilməsinin beş illi münasibətilə avtoidman həvəskarlarına dörd günlük biletlər 20% endirimlə təklif olunur. Endirim kampaniyası yanvarın 15-dək davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq.
Bu endirim kampaniyasından əlavə, yerli sakinlərə biletlər əlavə 25% endirimlə təqdim olunacaq. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün davam edəcək yarışlarla bərabər, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin iyunun 4-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verəcək. Pit Yolu yürüşündə azarkeşlər komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin Azərbaycan Qran Prisinə necə hazırlaşmaqlarının şahidi olacaq.
Qeyd edək ki, yeni mövsümün Azərbaycan Qran-Prisi 5-7 iyunda keçiriləcək.
Səbuhi Musayev