“Formula 1”lə bağlı Bakıda nəzərdə tutulmuş üç günlük əyləncə proqramlarının açıq havada keçirilməsinə aydınlıq gəlib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ÇıxışYolu.Com-a açıqlamasında bu barədə danışıb:
“Bunun heç bir halda Bakı Kristal Zalında konsert qiymətlərinin baha olması ilə əlaqəsi yoxdur. Xatırlayırsınızsa, 2016 və 2017-ci ildə baş tutmuş konsertlər də açıq havada olmuşdu. Həmin Qran-Prilər yayda baş tutmuşdu deyə, açıq havada keçirmişdik.
Ancaq 2018 və 2019-cu illərdəki Qran-Prilər apreldə keçirildiyindən, qapalı məkanda – Bakı Kristal Zalda keçirməyə qərar verdik. Bu, hava şəraiti ilə bağlı idi. Amma bu mövsüm baş tutacaq Qran-Pri yenidən yayda olacaq deyə, açıq havada baş tutması nəzərdə tutulub. Məncə, əyləncə istəyənlər də açıq havada olan konsertlərdən daha çox həzz alır”.
Qeyd edək ki, bu mövsümkü Azərbaycan Qran-Prisi 5-7 iyun tarixlərində keçiriləcək. Konsert proqramları isə Dənizkənarı Milli Parkda baş tutacaq.
Səbuhi Musayev