fea9ecd9-9948-4a0e-a49d-dc94804caa64..jpg

“Formula-1”in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq

Baxış sayı: 793 dəfə baxılıb.

“Formula-1”in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın
2-dən bərpa olunacaq

24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt
və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa
olunacaq.

“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış
halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun
yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini
əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə
nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında təmin
olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat
vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər”, – deyə
qurum rəsmisi qeyd edib.

BŞH-nin sözçüsü sürücülərə alternativ yollardan yararlanmağı tövsiyə edib.

Vətəndaşlar “Yaşayış Yerinǝ Giriş İcazə” sənədini zonalar üzrə paylanma
məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat
10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə
aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – Buraxılışın paylanma məntəqəsi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Böyük Qala küçəsi 41, Keçmiş
ensiklopediya Binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

Zona 2 – Buraxılışın paylanma məntəqəsi

Mənzil-Kommunal və İstismar İdarəsi N 4, Xəqani küçəsi, 26/32

Tel: (012) 498 88 06

Zona 3 – Buraxılışın paylanma məntəqəsi

Mənzil-Kommunal və İstismar İdarəsi N 58, İstiqlaliyyət küçəsi, 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş icazəsi”nin paylanması 10 aprel tarixindən
başlayıb və 28 aprelǝdək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2023-cü il Azərbaycan Qran-prisi müddətində
piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün
yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət
küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani
küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə
edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində
salınmış keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin
istifadəsi üçün açılacaq.

Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı
istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən
Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar
ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda
nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək,
axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər
prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi
və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər
olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma
olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz
Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında
07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq.
28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam
saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi
istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə
mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik
baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük
maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib.
Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə
tənzimləyəcəklər.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb-səhifəsindən
əldə edə bilərsiniz.

Source link