Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar
sərtləşdirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr
sərtləşdirilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında,
satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə
ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla,
bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati
həbs tətbiq olunacaq, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə
olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin
pozulmasına görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə
edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati
həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.