c608788c-70e9-4edc-baa5-287494d8cd3d..jpg

Françesko Korva: “1970-ci ildən bəri təbii fəlakətlər nəticəsində itkilər yeddi dəfə artıb”

Baxış sayı: 564 dəfə baxılıb.

Françesko Korva: “1970-ci ildən bəri təbii fəlakətlər nəticəsində itkilər
yeddi dəfə artıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin
fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin
təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir”.

Bunu “Report”a müsahibəsində İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi,
professor Françesko Korvaro deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil
olunan COP28 kimi asan olmayacaq:

“Lakin Nayrobidə Azərbaycanın COP29 komandası ilə görüş bizə iddialı
məqsədlərin uğurla həyata keçirilməsinə ümid etməyə imkan verir”.

“Azərbaycan (Azərbaycan hökuməti) COP29 Təşkilat Komitəsinin nümayəndələrinin
qətiyyətinin şahidi olduğum üçün inanıram ki, biz COP28-in nailiyyətlərinə
əsaslanan iddialı nəticələrə nail ola bilərik. Hər zaman yadda saxlamaq
lazımdır ki, dayanıqlı gələcəyə yalnız hazırkı dövrdə ekoloji, sosial və
iqtisadi baxımdan davamlılığın təmin edilməsi yolu ilə nail olmaq olar”, – deyə
F.Korvaro vurğulayıb.

O qeyd edib ki, COP28-in nailiyyətlərinə əsaslanan və Braziliyada keçiriləcək
COP30-a doğru irəliləyən COP29-da ilk növbədə iqlim maliyyələşdirilməsi ilə
bağlı məsələlərə diqqət yetiriləcək:

“Bir müddətdir ki, iqlim maliyyələşdirməsinə dair islahatların aparılmasının
zəruriliyi haqqında müzakirələr gedir. Bununla maksimum şəffaflıq təmin
ediləcək və maliyyə vəsaitləri ehtiyacı olan inkişaf etməkdə olan ölkələr üçün
getdikcə daha əlçatan olacaq. Bugünkü sistem həddən artıq bürokratikdir və
ətrafımızdakı hipersürətli dünyaya uyğun gəlmir. Belə ki, iqlim böhranı ilə
mübarizə aparan ölkələrin (onların “İtki və Zərər Fondu”na çıxışını təmin etmək
lazımdır) və ya iqtisadiyyatlarının davamlı inkişafına çalışan və iqlim
fondlarına çıxışdan asılı olan dövlətlərin ehtiyaclarına dərhal cavab vermək
lazımdır. Bundan başqa, qida təhlükəsizliyi, enerji keçidi, vətəndaş cəmiyyəti
və özəl sektorun iştirakı, gənclərin cəlb edilməsi, iqlim savadlılığı və
təhsili kimi iqlim dəyişikliyi ilə bağlı kritik məsələlər həll edilməlidir”.

İqlim dəyişikliyi ilə mübarizə tədbirləri ilə yanaşı, italiyalı professor qeyd
edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının rolu iqlim gündəliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və
insanların diqqətini bu istiqamətə yönəltməkdir:

“COP-un rolu bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlılığını və diqqətini
artırmaq və Dubayda keçirilən COP28 kimi, iqlim dəyişikliyi ilə mübarizə
yollarını müəyyən etmək və gələcək illərdə mənfi təsirləri minimuma
endirməkdir. Bu, həm də o deməkdir ki, qarşıdakı illərdə qaçılmaz olaraq bizə
mənfi təsir göstərəcək əlverişsiz və dağıdıcı hava hadisələrinin təsirlərinə
hazırlaşmaq üçün tədbirlər görülməlidir”.

F.Korvaro söyləyib ki, hər bir COP-un əsas vəzifəsi tamamilə fərqli şəraitdə
yaşayan xalqlar üçün ümumi həll yoluna nail olmaqdır, amma bu, çox çətin
məsələdir:

“Bu baxımdan, Dubayda keçirilən COP28-in nəticələri mühüm nailiyyət kimi
qiymətləndirilməlidir. Çünki bu konfransda ilk dəfə olaraq qalıq yanacaqların
istifadəsinin mərhələli şəkildə dayandırılması zərurəti vurğulanıb”.

Xüsusi elçinin fikrincə, iqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatına təsiri
ildən-ilə artdığına görə bunun qarşısını almaq üçün mümkün qədər tez bir
zamanda tədbirlər görmək lazımdır:

“Son zamanlar, hətta inkişaf etmiş ölkələr, o cümlədən İtaliya da iqlim
dəyişikliyi ilə bağlı getdikcə artan dağıdıcı hadisələrin vurduğu ziyanla
üzləşməli olur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 1970-ci
ildən bəri təbii fəlakətlər nəticəsində itkilər yeddi dəfə artıb. Tədqiqatçılar
hesab edirlər ki, itkilər qlobal istiləşmə, əhalinin artımı və şəhər
miqrasiyası kimi digər amillərlə bağlıdır. Bununla bağlı dəqiq məlumatların
əldə edilməsinə təbii fəlakətlərlə bağlı təkmilləşdirilmiş hesabatlar yardım
göstərib. Hesablamalara görə, 2000-2019-cu illər arasında iqlim böhranının
yaratdığı 185 ekstremal hava hadisəsi dünyaya 2,8 trilyon dollara başa gəlib”.

Source link