92dacefb-2fa2-440f-b24e-5cc4ae7f4b91..jpg

Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür – TƏHLİL

Baxış sayı: 675 dəfə baxılıb.

Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqaz siyasətindəki
təkəbbürlü və iddialı mövqeyini davam etdirir.

Makron hətta Fransanın rəqibləri ilə sövdələşməyə girib Azərbaycan-Türkiyə
strateji müttəfiqliyi, bu müttəfiqliyin əmələ gətirdiyi regional əməkdaşlıq
çarxının arasına çomaq soxmağı qarşısına məqsəd qoyub.

Lakin Parisin dirənişinə baxmayaraq, Azərbaycanın regional genişlənmə
siyasətinin təzahürləri Fransanın planlarının iflasa uğradığını göstərir.

Qlobal nüfuza malik “Le Fiqaro” nəşri yazdığı məqalədə Fransanın
təşəbbüslərinin nəticə vermədiyini bildirir.

Belə ki, Makron:

– Qarabağa dair konfrans təşkil etmək istəyib, amma bu, ABŞ-nin etirazı
səbəbindən baş tutmayıb,

– 2022-ci ilin oktyabrında “erməni məsələsini” Roma Papası ilə müzakirə etmək
üçün özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan
istədiyi dəstəyi ala bilməyib.

Şübhəsiz ki, “Le Fiqaro” nəşrinin iddiaları Yelisey Sarayından sızdırılmış
informasiya yükünün ictimai elanıdır və Parisin məqsədi uğursuzluqlarını
ört-basdır etməkdir.

Fransanın Cənubi Qafqazda “erməni mərkəzli” geosiyasi teatr yaratmaq cəhdinin
boşa çıxmasının başqa səbəbləri də var.

Fransa Rusiya-Ukrayna müharibəsi başlayandan bəri nümayiş etdirdiyi ikibaşlı
mövqelərlə hətta NATO daxilində belə mənfi və kəskin reaksiyalara məruz qalıb.

Ona görə ki, Fransa Ukraynada müharibə başlayandan sonra NATO-nun müdafiə
maraqlarından deyil, özünün fərdi ambisiyalarından çıxış etdi. Düzdür, indi
Makron səhvlərini düzəldib yenidən Fransanın imicini bərpa etməkdən ötrü
Rusiyaya qarşı demarş fonu yaradır. Ancaq artıq ox yaydan çıxıb və aydın
görünür ki:

– Fransanın qlobal nüfuz bölgülərindəki payları əlindən alınır,

– Makronun Ukrayna ilə bağlı bəyanatlarının şou xarakterli olmaq ehtimalı
Avropanın təhlükəsizlik panoramasında ümumi narahatlıqları artırır,

– Fransa Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə Avropada daxili qüvvələr
balansını öz hegemonluğu ilə əvəzləmək istəyir.

Yelisey Sarayında cızılan sxemlər təbii ki, Fransanın Cənubi Qafqazda
Azərbaycanın və Türkiyənin formalaşdırdığı “sülh üçün sakitləşdirmə” siyasətini
də hədəfə alır. Bunu təkzib edəcək məqamlar da nəzərə çarpmır və Paris hər
keçən gün narrativlərini Ermənistanın xeyrinə radikallaşdırır.

Buna baxmayaraq, Fransanın regional və qlobal mövqeyinin həm orta, həm də
uzunmüddətli perspektivdə yarada biləcəyi problemlər araşdırılır. Bu
araşdırmalar Qərbin rəsmi strateji orqanları ilə yanaşı, onlarla ziddiyyətdə
duran Rusiya tərəfindən aparılır.

Hər iki tərəfdən sıxışdırılan Fransa çarəsiz qalaraq genişlənmə siyasəti üçün
Cənubi Qafqazda müharibə qapılarını döyür. Məqsəd digər maraqları rədd edib
onları öz məqsəd və ambisiyaları ilə doldurmaqdan ibarətdir.

Fransanın bunun üçün regionda məxfi gündəliyə söykənən koalisiya
formalaşdırmaq üçün dəridən-qabıqdan çıxdığını da görmək çətin deyil və burada
yuxarıda qeyd etdiyimiz tezisi təkrarlamaqda fayda var:

Bəli, Fransa Cənubi Qafqazda liderlik rolunu almaqdan ötrü hətta rəqabətdə
olduğu dövlətlərlə belə sövdələşmə kanalları axtarır, hərçənd ki, bunun effekt
verdiyini sezmək çətindir.

Amma Fransanın ritorikasının və Ermənistana dəstəyinin səs-küyü getdikcə
artır, üstəlik, Avropa İttifaqı da prosesə cəlb edilir.

Bu, bir qədər çaşqınlıq yaradır: bir tərəfdə Avropa İttifaqının Azərbaycanla
tərəfdaşlıq münasibətləri, digər yanda isə Bakıya qarşı qisasçılıq hissinin
alovlandırılması.

Fransa birinci prinsipi ayaqlar altında tapdalatmaq niyyətindədir, lakin
Avropa İttifaqının özü birləşib Parisin böyümək üçün seçdiyi belə metoda qarşı
olmalıdır.

Hələlik, Fransanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi aşkar şəkildə
görünür və Parisin bu geriləməsi Azərbaycanın strateji maraqlarının böyüməsi
üçün əlavə fürsətlərə çevrilir.

Fürsət ona görə qiymətlidir ki, Azərbaycan Parisin sıza bilmədiyi boşluqları
nəzarətə götürərək müdafiə strategiyasını təkmilləşdirir.

Bu strategiya Fransanın Ermənistanı silahlandırmasına qarşı ən effektiv
müdafiə refleksi kimi faydalıdır.

Prosesin mənalandırılmasından irəli gələn proqnozlar bu cür ola bilər ki:

– Ermənistan Parisin himayədarlığı altında Azərbaycana qarşı hərbi
hərəkətlənməyə keçsə, ağır zərbələrə məruz qalacaq,

– Fransa Azərbaycanın taktiki və strateji nəticələrinin davamının gəldiyi
təqdirdə Bakı ilə münasibətlərdə daha ehtiyatlı mövqe tutmaq marşrutuna girəcək,

– Regionda Fransanın qurmaq istədiyi güc dinamikası taqətdən düşəcək, hərçənd
ki, Parisin onu diriltməsi üçün kəşfiyyat fəaliyyətini gücləndirəcəyi istisna
deyil.

Aqşin Kərimov

Source link