Fransa Ermənistanın ehtiyaclarını Rusiya kimi ödəməyə biləcəkmi? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Konfliktoloq Rüstəm Qaraxanlı yazır…
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın İrana səfəri ilə eyni
vaxtda müdafiə naziri Suren Papikyan da Fransada idi. Mirzoyan Tehrana 3+3
formatında keçirilən xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün,
Papikyan isə fransız silahını Ermənistana aparmaq üçün getmişdi. Fransanın
müdafiə naziri Sebastyan Lekarnyu Ermənistana “müdafiə məqsədli” silah
verəcəklərinə dair qərarı çoxdan anons edirdi. Dünən axşam Papikyanın Parisə
səfərinin təvazökar nəticəsi məlum oldu: cəmi üç ədəd radar və gələcəkdə
Ermənistana “Mistral” raketlərinin satışına dair müqavilə. Bu qədər hay-küy
və… Necə deyərlər, əsas müharibə deyil, manevrlərdir.
Hələlik bu silah Yerevana hədiyyə ediləcək, satılacaq və ya kreditə veriləcək
deyə, dəqiqləşdirmələr yoxdur. Əsas olan odur ki, Papikyana Parisdə radar
veriləndə Mirzoyanın başı Tehranda bölgənin gələcək təhlükəsizlik
arxitekturasına dair fikir mübadiləsinə qarışmışdı. Və bu müzakirələr Fransa
ilə kəskin geosiyasi fikir ayrılıqları olan Türkiyə, regionda Qərbin hərbi
qüvvələrinin olmasından hədsiz narahatlıq keçirən İran, Qafqazda NATO-nun
mövcudluğunu qəbul etməyən Rusiya və məlum səbəblərdən Parislə siyasi təmasları
minimuma endirən Azərbaycanın XİN rəhbərləri ilə keçirilirdi. Nədir bu, “erməni
komplimentarizmi – 2.0”, yoxsa Paşinyanın xarici siyasət yelləncəyinin davamı?
Fransız silahının Ermənistanın istifadəsinə verilməsi perspektivi elə də hamar
görünmür. Bu ölkənin havadan müdafiə sistemi Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı formatında faktiki olaraq Rusiya tərəfindən idarə olunur. İndi hamı
Fransa istehsalı hava hücumundan müdafiə kompleksinin KTMT sistemi ilə necə
uzlaşdırılacağı üzərində “baş sındırır”. Belə görünür ki, bu silah idxalı
əməliyyatı da məntiqsizliyinə görə əvvəlkilərdən fərqlənmir: hakimiyyətə yenicə
gələn Paşinyan Rusiyadan müasir hərbi təyyarələr almışdı, ancaq sursatsız.
Hay-həşirlə anons edilən Hindistanın artilleriya qurğularından isə hələ də
əsər-əlamət yoxdur.
Fransa Ermənistana modern və yeni silah verəcək, yoxsa “outlet”, bunu pulla,
ya peşkəş edəcək, – bilən yoxdur. Ermənilərin Qarabağdan könüllü köçü fonunda
Fransanın onların bir qismini qəbul edəcəyinə dair söz-söhbətləri bu ölkənin
Ermənistandakı səfirinin “beşikdə boğması”ndan belə nəticəyə gəlmək olar ki,
Yelisey sarayında biznesi dostluqdan ayırmağı bacarırlar. Müftə pendir yalnız
siçan tələsində olur. Fransızlar pendiri sevirlər, geniş çeşiddə istehsal
edirlər və təbii ki, satırlar. Ancaq müftə vermirlər.
Ermənistanın düşünən beyinləri Mirzoyanın 3+3 formatındakı müzakirələrə
qatılmasını Paşinyan hökumətinin Rusiyanın orbitindən çıxmamasının, yaxud çıxa
bilməməsinin aşkar təzahürü hesab edirlər. Bu gün Ermənistanda az qala hamının
qərbpərəst olduğu bir reallıqda heç kim Rusiyadan can qurtarmağın reseptini
tərtib etməyin məsuliyyəti altına girmir. Ermənistanın ixracatının 51,7 faizi
Rusiyanın payına düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ-yə edilən eksport heç
bir faiz deyil. Hökumətə ünvanlanan “Rusiyanın nəzarətindən necə çıxmağı
planlaşdırırsınız?” sualına isə cavab verən yoxdur. Ermənistan nəinki Moskvanın
orbitindən çıxmaq, heç Rusiyaya silah üçün ödədiyi və əvəzində bir güllə belə
ala bilmədiyi 400 milyon dolları qaytarmağın yollarını bilmir. Sosial
şəbəkələrin erməni seqmentində dolaşan məlumata görə, Ermənistanda hərbi
hissələrdən birinə gələn fransalı təlimatçıların əsas məqsədi Ukraynada
Rusiyaya qarşı döyüşəcək canlı qüvvə toplamaq olub. Mövcud reallıqda olduqca
uğursuz zarafatdır…
1916-cı ildə Fransanın həftəlik “La Baïonnette” satirik jurnalında “L’Arménie
délivrée” adı altında karikatura yayımlanıb. İnternetdə baxmaq olar. Şəkildə
Avropa tərzli geyimdə olan bir xanım yekəpər, bığlı-saqqallı kazaka sığınır.
Müəllifin fikrincə, kazak kişi ovaxtkı Rusiyadır, xanım isə Osmanlıya xəyanət
edən ermənilər. Həmin tarixdən bir əsr keçib. İndi o xanım kazakı karikaturanın
dərc edildiyi ölkəyə – Fransaya dəyişmək istəyir. Karikaturanın adı
fransızcadan tərcümədə belə oxunur: “Ermənistan çatdırılıb”. Logistik
terminologiya ilə desək, yükünüz çatıb. Xanım qulluq sevdiyindən əsas sual
budur: Fransanın Ermənistanın ehtiyaclarını Rusiya kimi ödəməyə gücü çatacaqmı?