Fransa ictimaiyyətinin nümayəndələri: “Evianda baş verənlər erməni diasporunun
fəaliyyətinin nəticəsidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Natəvanın heykəlinə
qarşı vandalizm aktı yerli ictimaiyyətin nümayəndələrinin də narazılığına səbəb
olub.
“Report”un Fransa bürosuna açıqlamasında Fransanın fəxri senatoru Alən Vassel
(Alain Vasselle) Evianda baş verənlərin absurd və obyektivlikdən uzaq,
ermənipərəst qüvvələrin əməlləri olduğunu bəyan edib.
O qeyd edib ki, hadisələrə narazılıq bildirməyin müxtəlif yolları var.
“Lakin yazıçı-şairlər bizim tariximizdir. Dümanın və şair şahzadə Natəvan kimi
dahilərimizin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə
məxsusdur. Evianda baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan
ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir”, – o deyib.
Sabiq senator onu da əlavə edib ki, Azərbaycana sülh yolu ilə öz sərhədlərini
bərpa etməsi üçün şərait yaradılmalı idi: “Ermənistan və Azərbaycan diplomatik
kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa
gəlinməli idi. Azərbaycana sülh yolu ilə öz suverenliyini bərpa etməsi üçün
şərait yaradılmadı”.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli
Assambleyasının sabiq üzvü Jerom Lamber (Jerome Lambert) isə bəyan edib ki,
Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan
erməni diasporunun fəaliyyətinin nəticəsidir.
“Azərbaycan Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri
üzərində öz suverenliyini bərpa etdikdən bəri Azərbaycana qarşı, xüsusilə də
Fransada müxalif qüvvələr baş qaldırıb. Bu müxalifət vəziyyətdən narazı olan
Fransadakı erməni diasporundan qaynaqlanır. Bu müxalifət hətta isterik
davranışlara belə əl atır. Belə ki, Azərbaycanla əlaqəsi olan bütün simvollara,
yerlərə əl atmağa çalışılır. Erməni diasporunun Fransadakı bir sıra
nümayəndələri fransalı siyasət adamlarını Azərbaycana qarşı qızışdırmağa
çalışırlar”, – J.Lamber deyib.
O bildirib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas vermək
mümkün deyil: “Azərbaycan öz hüquqlarını bərpa edib. Fransada Azərbaycana qarşı
fəaliyyət göstərən ermənipərəst müxalif qüvvələr Azərbaycan və Ermənistan
arasında sülhün yaranmasına mane olur. Evian şəhər meriyasının əl atdığı
əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporunun fəaliyyətinin
nəticəsidir”.
“Mən Evian şəhərində Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsinə qarşı
olunan pis rəftardan çox kədərlənirəm”.
Bu sözləri isə “Report”un yerli bürosuna Fransa Milli Assambleyasının və
NATO-nun Parlament Assambleyasının fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc
Reitzer) deyib.
“Azərbaycanla Fransa arasında hər bir sahədə – istər iqtisadi, istər mədəni və
digər sahələrdə hər zaman gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir
çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, Azərbaycana heç zaman ayaq
qoymadan ona qarşı mövqe tutmaqdadırlar. Mən bu gün ölkəmdə Azərbaycanın
mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm”, – o bildirib.