aebde1f4-fa86-49f1-b6ba-ef52a6e0a741.jpg

Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə “qarmaq atır”

Baxış sayı: 193 dəfə baxılıb.

Yarıtmaz idarəçilik, xarici və daxili siyasətdə uğursuzluqlar Fransa
Prezidenti Emmanuel Makronun reytinqinə təsirsiz ötüşmür. Ölkənin ictimai rəy
institutunun sorğusunun nəticələrindən bəlli olub ki, respondentlərin 78%-i
Makronun fəaliyyətindən narazıdır. Onun işini sorğuda iştirak edənlərin yalnız
22%-i müsbət qiymətləndirir.

Fransızlar yeni Baş nazir Mişel Barnyenin işindən də narazıdırlar.
Respondentlərin, sadəcə, 40%-i onu dəstəkləyir, 60%-i onun fəaliyyətini
bəyənmir.

İnsanları ən çox narazı salan Makron hökumətinin başqa ölkələrin daxili
işlərinə qarışmasıdır. Ölkənin daxili sosial problemləri günbəgün artdığı
halda, milyonlarla dollar vəsait həmin ölkələrin silahlanmasına sərf edilir.
Ermənistanla bağlı siyasət də buna bariz nümunədir. Ölkənin strateji maraqları
adı altında milyonlarla dollar vəsait ermənilərin silahlandırılmasına sərf
edilir. Keçmiş müstəmləkələrdə də analoji vəziyyətdir.

Görünən odur ki, Afrikadan və digər bölgələrdən biabırcasına qovulan, Yeni
Kaledoniyada iğtişaşlara rəvac verən Fransa hakimiyyəti baş verənlərdən dərs
çıxarmağa tələsmir.

“Azadlıq, bərabərlik və qardaşlıq” şüarı Fransa haqqında çox yanlış
assosiasiyalar yaradır və fikirlər formalaşdırır. Bu ifadələr Böyük Fransa
İnqilabı dövründən yaranıb, lakin ölkənin müstəmləkəçilik siyasəti tamamilə
bunun əksi – köləlik, qaniçənlik və qəddarlıq üzərində qurulub.

Zaman belə, müstəmləkəçi Fransanın cinayətləri ilə üzləşən xalqların
yaralarını sağalda bilməyib. Belə ölkələrdən biri də Mərakeşdir. Oktyabrın
sonlarında Makron Fransanın keçmiş müstəmləkəsi, soyqırımları törətmiş olduğu
Mərakeşə səfər etmək qərarına gəlib.

Fransız müstəmləkəçiliyinin izi

Mərakeş ərazisində fransız müstəmləkəçiliyinin izləri bu gün də mətbuat
səhifələrində aydın görünür. Fransanın müstəmləkəsi olan ölkələrin
əksəriyyətində xalqın dilində “edam meydanı” deyimi var. Bu, fransızların yerli
xalqa qarşı tətbiq etdikləri edamlarla əlaqədardır. Əlcəzair, Seneqal,
Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeş – bu ölkələrin hamısının tarixində
Fransa öz qanlı izini qoyub. 2020-ci ilə kimi “qara qitə”də Fransanın işğalı
altında olan 29 ölkə hələ də cinayətlərə görə təzminat tələb edir və
torpaqlarından talan edilmiş sərvətlərin geri qaytarılmasını gözləyir.
Fransızlar isə tarixlərinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışırlar.

Bəs Makronun gözlənilmədən Mərakeşə – keçmiş müstəmləkəyə səfər etmək qərarı
nə ilə bağlıdır?

Birincisi, Fransa neçə illərdir ki, bu ölkə ilə diplomatik gərginlik yaşayır.
Yayılan xəbərlərə görə, səfər Mərakeş kralı VI Məhəmmədin dəvəti ilə reallaşsa
da, təşəbbüsün Makrondan gəldiyi vurğulanır. Fransa bu səfərlə keçmiş
müstəmləkəsində mövqelərini möhkəmləndirməyə çalışır.

İkincisi, Paris bu səfərlə Qərbi Saxaraya muxtariyyət verilməsi ilə bağlı
planı dəstəkləməyə çalışır. Qərbi Saxaradakı vəziyyət uzun onilliklər ərzində
beynəlxalq mübahisələrə səbəb olub. Əlcəzair və Mərakeş arasında bir neçə ildir
ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab
edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir,
Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir. Fransa mediası iddia
edir ki, bu səfərlə Makron mübahisələri ləğv edəcəyinə ümid edir.

Fransa Mərakeşdən nə istəyir?

İki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi 2024-cü ilin iyulunda baş
verib. Emmanuel Makron Fransanın indi rəsmi olaraq Qərbi Saxaranın muxtariyyəti
üçün Mərakeş planını dəstəklədiyini elan edib. Mərakeşdə aparıcı xarici
investor olan və sənaye, kənd təsərrüfatı və texnologiya sektorlarında
əhəmiyyətli iştirakı olan Fransa Şimali Afrikada əsas oyunçuya çevrilən ölkədə
iqtisadi maraqlarını möhkəmləndirməyə çalışır. İqtisadiyyat və təhlükəsizlik
məsələləri müzakirələrin mərkəzində olacaq. 2023-cü ildə Fransa ilə Mərakeş
arasında ticarət dövriyyəsi rekord həddə – 14 milyard avroya çatıb və Paris bu
ölkədə 1 000-dən çox şirkətinin törəmə şirkətləri ilə aparıcı xarici investor
olaraq qalır. “Royal Air Maroc” şirkəti tərəfindən başladılan “Airbus”
təyyarələrinin tədarükü üçün tender və “Caracal” helikopterlərinin alınması
üçün müqavilələr də daxil olmaqla yeni layihələr müzakirə olunur.

Təhlükəsizlik məsələləri, xüsusən də Fransada həssas məsələ olan fransız
ərazisini tərk etmək öhdəlikləri də nəzərdən keçiriləcək.

Mərakeş 2021-ci ildən Əlcəzairlə əlaqələrin kəsilməsi səbəbindən diplomatik
cəhətdən təcrid olunmuş həssas regional vəziyyətdə qalıb. Emmanuel Makronun bu
səfəri Rabat və Əlcəzair arasında gərginliyin yüksək qaldığı bir vaxtda baş
verir və Qərbi Saxara məsələsi ilə daha da kəskinləşir. Fransanın Mərakeşin
muxtariyyət planına dəstəyi Əlcəzairin qəzəbinə səbəb olub və etiraz əlaməti
olaraq Parisdəki səfirini geri çağırıb.

Maraqlıdır ki, Makronu bu dəfə xanımı Bricit Makron da müşayiət edəcək.
Mərakeşlə barışıqda mühüm vasitəçilik rolu oynayan bu xanım keçən ilin
fevralında kral VI Məhəmmədin bacılarını Yeliseydə qəbul edib.

Bəs Makronun Mərakeş turnesini necə proqnoz etmək olar? Şübhəsiz ki, keçmiş
müstəmləkəyə münasibətdə o, səmimi ola bilməz. Xalqlar arasında nifaq salmaq,
sülh prosesinə qarşı çıxmaq və “parçala, hökm et” siyasəti müasir Fransa
hakimiyyətinin mahiyyətini təşkil edir. Bu səbəbdən də Mərakeşin növbəti dəfə
qurban seçildiyinin şahidi ola bilərik.

“Report” İnformasiya Agentliyi

Source link