44ae6d78-58e2-4bef-9950-13ed4515e99e..jpg

Fransa Senatının komik qətnaməsi – TƏHLİL + FOTO

Baxış sayı: 616 dəfə baxılıb.

Fransa Senatının komik qətnaməsi – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT TŞ-nin beş daimi üzvündən biri – Fransanın dünyadakı yeri və nüfuzunun
hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin
beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi
sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir.

BMT-nin baş katibi Antonio Quterreşin diqqətçəkən etirafı dünyanın geosiyasi
müstəvisindəki gerçək mənzərəyə verilmiş obyektiv qiymət oldu: “Bəzi ölkələrin
siyasi proseslərə təsiri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin malik
olduqları hörmətdən daha çoxdur”. Quterreş başa düşüb ki, “Türkiyə, İsrail,
İran kimi dövlətlərin dünyaya təsir imkanları ABŞ, Fransa, Böyük Britaniya, Çin
və Rusiyanın nüfuzunu üstələyir”. BMT baş katibinin bu etirafı reallığı əks
etdirir, ancaq nədən qaynaqlandığına dair izahı vermir: TŞ-nin daimi üzvlərinin
hörmətdən düşmələrinin səbəbi onların özləri və tətbiq etdikləri ikili
standartlardır.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Hörmətdən düşmüşlərdən biri

BMT TŞ-nin beş daimi üzvündən biri – Fransanın dünyadakı yeri və nüfuzunun
hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin
beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi
sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir. Nüvə silahına malik
bir dövlətin Afrikanın inkişafdan qalmış xammal ölkələrindən sıxışdırılıb
biabırcasına qovulması onun başında duran rəhbərliyinin sahib olduğu
qeyri-ciddi imic və reputasiyanın məntiqi sonluğudur. Belə görünür ki, Fransa
hazırkı siyasi qüvvənin hakimiyyətdə olduğu dövrdə bu girdabdan qurtula,
yenidən ciddilik imicini bərpa edə bilməyəcək. Təəssüf ki, bölgəmizdən coğrafi
uzaqlığına, Qafqazda heç bir tarixi təsir ənənəsinə malik olmamasına
baxmayaraq, Fransanın düşdüyü rəzil vəziyyət bu və ya digər şəkildə ölkəmizin
gündəmində də yer alır. Səbəb isə birdir: Parisin Azərbaycana qarşı əsassız və
mənasız qərəzi.

Məğlubiyyətin çətin həzmi

Başa çatan həftə Fransa Senatı Azərbaycana qarşı növbəti, əsasında heç bir
hüquqi, tarixi və reallığı əks etdirən arqumentin olmadığı məntiqsiz və kinli
addımını atıb. Qanunverici orqanın yuxarı palatası qəbul etdiyi qətnamədə
Azərbaycanın beynəlxalq birlik, o cümlədən Fransanın özünün də tanıdığı suveren
ərazisində həyata keçirdiyi antiterror əməliyyatını pisləyir, eyni zamanda,
ərazi bütövlüyü prinsipini dəstəkləyir. Bizim deyil, Ermənistanın. Yaranmış
maraqlı mənzərə, yəni Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü
tanıması reallığında Fransanın ermənilərə görə bizim torpaq bütünlüyümüzü şübhə
altına alması, bu komik qətnamənin gerçək mahiyyətini açır. Yəni Fransa
Senatında təmsil olunan qanunvericilər bu qədərmi savadsız, məlumatsız və
qeyri-ciddidirlər? Güman ki, yox. Bu, sadəcə olaraq həm 44 günlük müharibədə,
həm də sonrakı üç il ərzində geosiyasi mübarizədə Ermənistanla birlikdə
Fransanın da Azərbaycana acınacaqlı məğlubiyyətinin etirafı və həzm edilə
bilinməməsinin sübutudur. Necə yəni? Beynəlxalq hüquq və prinsipləri tapdala,
tarixi inkar et, gerçəkliyi nəzərə alma, hətta coğrafiyaya belə zidd get və
ağlına gələn qərarı qəbul et, nədir ki, erməniləri sevirsən və bizdən xoşun
gəlmir? Bütün bunlardan sonra BMT-nin baş katibi necə şikayətlənməsin ki,
TŞ-nin üzvü olan Fransa hörmətdən düşüb?

Sülhə növbəti təhdid

Fransa Senatının son qətnaməsinin Ermənistanla Azərbaycan arasında imzalana
biləcək yekun sülh sənədinə qarşı yönəldiyi aydındır. Fransa son üç ildə bunu
ilk dəfə deyil edir. Şarl Mişelin moderatorluğu ilə Praqada keçən görüşdə
Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra Makronun verdiyi
qəfil əsassız bəyanatlarla mümkün sülhün qarşısını almasından çox zaman
ötməyib. Paris sınıq-salxaq hərbi texnikasını Ermənistana göndərməklə açıq
şəkildə nümayiş etdirir ki, bölgədə yekun sülhün bərqərar olmasında nəinki
maraqlı deyil, üstəlik, hər vasitə ilə onun qarşısını almağa çalışacaq.

Fransanın erməni inadının əsasında Parisin özünü zorla bölgəyə pərçimləmək
niyyəti durur. Bunun Parisdəkilərin ağıllarına gələn ən rahat və görünür, onlar
üçün məqbul yolu Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, guya ermənilərin
qəlbinə girməkdir. Ancaq, necə deyərlər, məhəbbət öz yerində, mədə isə boşdur.
Fransanın Qafqaza girməsi üçün buradan kiminsə çıxması lazımdır. Söhbət
Ermənistandan gedirsə, deməli, sıxışdırılan Rusiyadır. Senatın qəbul etdiyi
mənasız və gülünc qətnamələri tərəzinin bir, Ermənistanın Rusiya ilə mövcud
ticarət dövriyyəsini isə ikinci gözünə qoysaq, hansı ağır gələr? Cavab verməyə
ehtiyac yoxdur – son üç ildə Parislə İrəvan arasındakı iqtisadi əlaqələrin
Rusiyanın bölgədəki nüfuzuna təsir nisbətindən danışmaq gülünc olardı. Ən azı
ona görə ki, bu əlaqələrdə heç bir əhəmiyyətli artım nəzərə çarpmır. Senatın
son anti-Azərbaycan qətnaməsindəki “arqument”lərin təbəssüm doğurmasının səbəbi
də elə budur. Məğlubiyyətin həzm prosesinin çətinliyi və yetərli dəlillərin
olmaması Fransa qanunvericilərinin belə komik vəziyyətə düşmələrinin başlıca
günahkarıdır.

Ermənilərdən daha çox erməni olan fransızlar

Fransızların ermənilərdən daha çox erməni görünmək istəkləri əndazəni o qədər
aşıb ki, həqiqətən də ermənilər kimi düşünməyə başlayıblar. Senatın qəbul
etdiyi sənədlərin müəllifləri ermənilər olmasa da, istisna deyil ki,
erməniləşmiş fransızlardır. Qətnaməyə gözucu nəzər yetirmək bu qənaətə gəlmək
üçün kifayətdir. Fransalı qanunvericilər orta statistik erməni kimi düşünməyə,
saxta statistikaya, tarixi şişirtmə və fetişə aludə olmağa başlayıblar:

– Fransa sentyabrın 19-20-də Azərbaycanın “Artsax”da həyata keçirdiyi
“aqressiya”nı pisləyir;

– Fransa Azərbaycanı ermənilərin qayıtmaq hüquqlarına, onların təhlükəsizliyi
və rifahlarına təminat verməyə çağırır;

– “Dağlıq Qarabağ”ın “siyasi liderləri”nin həbsini pisləyir;

– Dini və mədəni irsin vəziyyətinin yoxlanılması üçün UNESCO-nun regiona səfər
etməsini vacib sayır;

– Və ən gülməlisi: Fransa Azərbaycan neft və qazının Avropaya ixracına embarqo
tətbiq edilməsini istəyir.

Fransa Senatının qətnaməsindən irəli gələn iddiaları cavabsız da buraxmaq
olar, ancaq hər halda:

– “Artsax” haradır və hansısa xəritədə, beynəlxalq sənəddə əks olunubmu, onu
Ermənistanın özü də daxil olmaqla kimsə tanıyıbmı?

– Fransa ermənilərin hansı qayıtmaq hüququndan, bu hüquqa “verilməli” olan
zəmanətdən danışır ki, Azərbaycan Prezidenti hələ könüllü köçdən əvvəl
dəfələrlə bu təminatı səsləndirib? Qarabağdan gedən ermənilərin özləri etiraf
edirlər ki, onlara öz “liderləri” tərəfindən zəng olub və “evlərinizi tərk
edin” göstərişi verilib. Fransa bəlkə bu təminatı başqa ünvandan istəsin?

– Separatçılıq, terror, bölücülük, soyqırımı, qətllərlə hərbi-kriminal
xuntanın başına gəlmiş şəxslər siyasi leksikonda nə vaxtdan “siyasi liderlər”
hesab olunmağa başlayıblar?

– Azərbaycan UNESCO-nu dəfələrlə işğal bölgəsinə dəvət edəndə senatorlar niyə
susurdular?

– Azərbaycan neft və qazına embarqo arzusunda olan fransalı senatorlar nədən
Xəzər dənizində enerji daşıyıcılarının hasilatı ilə məşğul olan fransız
neft-qaz nəhəngini vətənə geri çağırmırlar?

Nə isə. Komik Senat…

Source link