Fransa və erməni lobbisi çıxılmaz durumda: Paris qərəzli təşkilatların ümidinə
qalıb – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan və Türkiyəyə qarşı qərəzli, çirkin təbliğatın arxasında uzun
illərdir məhz Fransa və erməni lobbisi “cütlüy”ü dayanır. Azərbaycan ərazi
bütövlüyünü bərpa etməklə “cütlüy”ün planlarını pozsa da, onlar qərəz və böhtan
kampaniyasını davam etdirməkdədirlər, himayələrində olduqları qurumlar və
təşkilatlar vasitəsilə anti-Azərbaycan fəaliyyətini genişləndirməyə çalışırlar.
Erməni lobbisi və Fransanın himayəsi altında olan Beynəlxalq Xristian
Həmrəyliyi (CSI) təşkilatı Bakıya qarşı qərəzli kampaniya və çirkin təşəbbüslə
çıxış edib. Təşkilat Beynəlxalq Olimpiya Komitəsini Azərbaycan yığmasının və
rəsmilərinin 2024-cü il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına
qadağa qoymağa çağırıb. Qurumun direktoru Con Ayber və CSI-ın Fransa
nümayəndəliyinin rəhbəri Ancelik Qurle qərəzli kampaniyanın əsas
təşkilatçılarıdır. Onların gətirdikləri səbəblərlə isə əsl mahiyyətlərini
ortaya qoyublar. Bakıya qarşı yeni kampaniyada da Azərbaycanın Qarabağda həyata
keçirdiyi antiterror tədbirlərinin nəticələrindən istifadə olunur.
Təşkilatın fəaliyyətinə nəzər saldıqda onun bütün mahiyyəti, iç üzü ortaya
çıxır. Baş ofisi erməni lobbisinin sıx məskunlaşdığı ABŞ-nin Kaliforniya
ştatıdır. Hədəf kimi də dini repressiya qurbanlarının hüquqlarının qorunması,
təbii fəlakətlərdən zərərçəkənlərə qarşı mübarizə olduğu iddia olunub. Halbuki,
1977-ci ildə fəaliyyətə başlayan təşkilatın bütün işi din pərdəsi adı altında
gizlədilib. Təşkilat Misir, İraq, işğal dövründə Qarabağ ərazisi, Latın
Amerikası və s. bölgələrdə aktivlikləri ilə yadda qalıb. Dinlər arasında
qarşıdurma və pozuculuq üzrə ixtisaslaşan təşkilat işini müxtəlif dövlətlərin
maraqlarının ifadəçisi üzərində qurub.
Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının fəaliyyətində keçmiş
Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Münaqişənin başladığı
illərdə birtərəfli qaydada ermənilərin işğal aksiyalarını dəstəkləyib, bir
milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsinə bir dəfə də olsun
reaksiya verməyib, xristian təəssübkeşliyindən çıxış edib, münaqişəyə dini don
geyindirib. 1992-93-cü illərdə dəfələrlə Azərbaycan sərhədlərini pozaraq
separatçı qüvvələrə yardım adı altında ən müxtəlif dəstək vasitələri verib.
Xocalı soyqırımına münasibət bildirməməsi isə onların fəaliyyətinin ən iyrənc
səhifəsidir. Yüzlərə insanın qətlə yetirilməsi faktına, sadəcə, səssizlik
nümayiş etdirib. Münaqişə illərində ermənipərəst mövqeyi ilə seçilən Andrey
Saxarov Fondu ilə birlikdə işğal altında olan Azərbaycan torpaqlarında yalnız
erməni sakinlərə yardımlar və köməklik göstərib. Adıçəkilən fond da bəlli
olduğu kimi, Saxarovun erməni xanımı Yelena Bonner tərəfindən idarə olunub.
Təşkilatın münaqişənin ilk illərində aktiv əməkdaşlıq etdiyi şəxslər sırasında
məşhur ermənipərəst şəxslər – Baronessa Kerolayn Koks və Con Eybner də olub.
Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı azərbaycanlılar öz doğma
torpaqlarından qovulduqları halda “Etnik təmizləmə prosesdə: Dağlıq Qarabağda
müharibə” başlıqlı bədnam hesabat hazırlayıb. İkinci Qarabağ müharibəsi və
sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycana
qarşı çirkin təbliğat maşını geniş start götürüb. Bakıda məhkəmələrini gözləyən
Ruben Vardanyanı xeyriyyəçi, separatçıların liderlərini erməni “milli
xadimləri” adlandırır.
Ümumiyyətlə, bu təşkilat təkcə Azərbaycana münasibətdə deyil, digər müsəlman
ölkələrinə qarşı da qərəzlidir. Məsələn, ABŞ-nin İraqa müdaxiləsinin başladığı
2003-cü ildə birtərəfli qaydada yalnız xristian ailələrinə yardımlar göstərib,
minlərlə müsəlmanın öldürülməsinə, qanına qəltan edilməsinə göz yumub. Eləcə
də, CSI-ın Sudanda kölələri azad etmək üçün fəaliyyəti sərt tənqid edilib.
1999-cu ildə UNICEF bu praktikanı “dözülməz” adlandıraraq, bunun köləliyin
“uzunmüddətli həlli” olmadığını bildirib və təşkilatı insanların satın alına
biləcəyini dolayısı ilə qəbul etməkdə günahlandırıb. Beynəlxalq Xristian
Həmrəyliyi təşkilatı hətta silah alverində ittiham edilib. “Human Rights Watch”
da tənqidçilər sırasında olub. 2002-ci ildə ABŞ Dövlət Departamentinin bu
məsələ ilə bağlı hesabatında deyilirdi ki, Beynəlxalq Xristian Həmrəyliyi
təşkilatının fəaliyyəti insan hüquq və azadlıqları ilə ziddiyyət təşkil edir.
Görünən odur ki, Paris və erməni lobbisi Azərbaycanla bağlı siyasətləri
iflasla nəticələndiyindən bu cür çirkin təşəbbüslərlə çıxış edirlər. Qeyd edək
ki, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına
uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası
ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” (arzuolunmaz
şəxs) elan olunub. Xarici İşlər Nazirliyinə dəvət olunan Fransa səfiri Ann
Buayona bununla bağlı faktlar təqdim edilib və məlum iki diplomatın Azərbaycanı
tərk etməsi üçün 48 saat vaxt verilib.
“Persona non grata” elan olunan diplomatların adları açıqlanmasa da, bunun
Parisin casus şəbəkəsinin ifa olunması əməliyyatı ilə bağlı olduğu bəllidir. Və
bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Fransa xüsusi xidmət orqanlarının casus
fəaliyyətini aşkara çıxardığı haqda məlumatları da təsdiqləyir. Bu, Yelisey
sarayının Azərbaycana qarşı mübarizədə növbəti uğursuzluğu oldu. Parisin
Qarabağ məsələsində vasitəçilikdən uzaqlaşdırılması da uğursuzluqlardan
biridir. Bu ölkənin Azərbaycanda casus oyununun ifşası isə Fransa və erməni
lobbisinin Şimali Afrikadan sonra Cənubi Qafqazda aldığı ən böyük zərbə kimi
qiymətləndirilir. Emmanuel Makronun idarə etdiyi Fransa Azərbaycana qarşı
haqsız mübarizəsində de-fakto məğlub vəziyyətinə düşüb. Bu reallığı
Ermənistanın da anlaması yaxşı olardı.
“Report” İnformasiya Agentliyi