Fransada Olimpiada ilə bağlı məxfi məlumatların olduğu daha bir noutbuk
oğurlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naməlum şəxslər Paris regionunda yerləşən böyük xəstəxananın inzibati
direktorunun avtomobilindən 2024-cü il Yay Olimpiadası zamanı təşkilati
tədbirlər haqqında məxfi məlumatların olduğu noutbuku oğurlayıblar.
Məlumata görə, hücum edənlər şüşəni sındıraraq avtomobildəki çantanı
aparıblar. Çantanın içində isə Olimpiya Oyunlarının keçiriləcəyi yerlərə gedən
marşrutlar haqqında məxfi məlumatların yazıldığı noutbuk olub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, bu, son səkkiz gündə Paris Olimpiadası ilə bağlı ikinci məlumat
oğurluğudur. Fevralın 26-da Mərakeş əsilli şəxs paytaxt meriyasının
mühəndisinin bel çantasını şəhərətrafı qatardan oğurlayıb. Onun içərisində
noutbuk və Oyunlarda təhlükəsizlik tədbirləri haqqında məlumatların yazıldığı
fləş-kartlar olub. Hücum edən şəxs bir neçə gün ərzində saxlanılıb və artıq 7
aylıq həbs cəzası alıb. Oğurlanmış noutbuk və fləş-kartları isə tapmaq mümkün
olmayıb.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: TASS