Fransada son iki gündə ikinci nazir istefa verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın ali təhsil və tədqiqatlar naziri Silvi Retayo yeni miqrasiya
qanununa etiraz olaraq istefa verib.
Lakin respublika prezidenti Emmanuel Makron onun tələbini rədd edib.
Nazir xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn əcnəbi
tələbələrdən zəmanət girovu tələb edilməsinə qarşı çıxıb. Bu girov onlara
yalnız təhsillərini başa vurduqdan sonra vətənlərinə geri döndükləri halda
qaytarılacaq. Makron Retayonu əmin edib ki, bu tələb yenidən nəzərdən
keçiriləcək.
Buna baxmayaraq, təklif olunan tələbi ayrı-seçkilik hesab edən məmur Fransanın
baş naziri Elizabet Bornun Milad bayramları münasibətilə təşkil etdiyi
ziyafətdə iştirakdan imtina edib.
Qeyd edək ki, ötən gün respublikanın səhiyyə naziri Orelyen Russo da yeni
qanundan narazı qalaraq istefa verib.
Xatırladaq ki, dekabrın 19-da Fransanın Milli Assambleyası (parlamentin aşağı
palatası) miqrasiyanın sadələşdirilməsi və əcnəbilərin inteqrasiyasının
yaxşılaşdırılması üçün qanun qəbul edib. Bu akt ailə birləşməsi prosedurunu
çətinləşdirir, dövlət sosial yardımının alınması şərtlərini sərtləşdirir,
həmçinin illik miqrasiya kvotasını nəzərdə tutur.
Mənbə: TASS