12b5209a-4833-44c9-92fa-cdea847405f4.jpg

Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir

Baxış sayı: 26 dəfə baxılıb.

Sosial problemlərlə yanaşı, miqrasiya, ksenofobiya, irqi ayrı-seçkilik
Fransanın üzləşdiyi çoxsaylı problemlərdəndir. Ölkənin yeni baş naziri bəlli
olduqdan sonra bu problemlər özünü daha qabarıq göstərir. Xüsusən də miqrasiya
məsələsi. Hökumət artıq oktyabr ayını qanunsuz miqrasiya ilə mübarizədə radikal
tədbirlər ayı olacağını bildirib.

“Kaspi” qəzetinin Fransanın miqrasiya siyasətinə həsr olunmuş məqaləsini
təqdim edirik.

Qanunsuz miqrantların deportasiyası sürətlənəcək

“Darmanin” adlanan yeni qanun qeyri-qanuni miqrantların deportasiyasına
nəzarəti gücləndirmək üçün tədbirləri ehtiva edir. Qanun cinayət törətmiş
əcnəbilərin Fransadan deportasiyasını da nəzərdə tutur.

Miqrantlarla bağlı atılacaq sərt addımları yeni daxili işlər naziri Bruno
Retayo elan edib. O, Madaqaskar yaxınlığındakı adalar qrupu olan Fransanın
dənizaşırı departamenti Mayottaya Afrikadan gələn qanunsuz miqrantların
deportasiyasını sürətləndirməyi əmr edib. Fransada sığınacaq axtaranlar təyyarə
ilə Konqo Demokratik Respublikasına (KDR) göndəriləcəklər. Əgər bu təcrübə
uğurlu olarsa, gələcəkdə ölkənin Avropa hissəsinə qanunsuz gələn hər kəsə şamil
edilə bilər. Nazir bir sıra Afrika ölkələri, xüsusən də Ruanda və Burundi ilə
danışıqlar aparılacağını da elan edib. Fransa üçün daha böyük problem Aralıq
dənizi vasitəsilə ölkənin kontinental hissəsinə gələn qanunsuz miqrantlardır.
Retayo problemi radikal şəkildə həll etmək niyyətindədir.

“Bu qanun Fransa adına məğlubiyyətdir”

Bu qərarlar ölkədə hakimiyyətdən narazılığı pik həddə çatdırıb. Paytaxt
Parisdə yeni qanuna qarşı etirazlar artıb. Etirazçılar prezident Emmanuel
Makrondan yeni, radikal miqrasiya sənədini imzalamamağı tələb edirlər. Məlumata
görə, yeni hökumət qeyri-qanuni miqrantların cəmiyyətə daxil olmasının
qarşısını almaq üçün Avropa İttifaqı (Aİ) səviyyəsində daha sərt miqrasiya
siyasətini təşviq etmək niyyətindədir.

Layihəyə narazılıq edənlər arasında hətta keçmiş prezident Fransua Olland da
var. O bildirib ki, miqrasiya qaydalarını sərtləşdirmək üçün qəbul edilmiş
qanun Fransa adına məğlubiyyətdir. “Konstitusiyaya zidd müddəalarla yeni qanun
qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz”, – deyə Olland
bildirib.

Narazılıqlar elə ciddi səviyyədə olub ki, Makron Fransa hakimiyyətinin
miqrantlara qarşı çıxmadığına dair tələsik bəyanat vermək məcburiyyətində qalıb.

Prezidentlə nazirin gizli anlaşması?

Bu, sentyabrın 19-da formalaşdırılan Mişel Barnyenin Nazirlər Kabinetində
anlaşılmazlığın ilk nümunəsidir. Xatırladaq ki, yeni hökumət azlıq hökumətidir.
Koalisiyanı parlamentdə deputatların sayına görə üçüncü qüvvə olan
prezidentyönlü “Respublika uğrunda birlikdə” bloku və bir sıra mərkəzçi sağ
fraksiyalar formalaşdırıblar. Məsələn, Retayo 2015-ci ildən respublikaçıların
sıralarındadır. Ola bilsin ki, prezidentlə DİN rəhbəri arasında heç bir
anlaşılmazlıq yoxdur. İstisna deyil ki, problemin miqyasını dərk edən Makron
“məcburi” hökumətin əli ilə ultra-sağ xarakterli tədbirlər həyata keçirmək və
eyni zamanda sol qüvvələrin tənqidindən qaçmaq istəyir. Konkret olaraq
Mayottada qanunsuz miqrantlarla bağlı vəziyyət Fransanın digər yerlərindən daha
pisdir. Adalar kiçikdir, Avropadan uzaqdadır, üstəlik orada özünəməxsus
problemlər var. Mayottada quraqlıq səbəbindən içməli su qıtlığı yaranıb.
Minlərlə qanunsuz miqrantı da su ilə təmin etmək lazımdır. Sağyönümlü “Valeurs
actuelles” jurnalı yazır ki, onları artıq nə xüsusi mərkəzdə, nə də hətta əsas
həbsxanada saxlamaq mümkündür. Yerli hakimiyyətin məlumatına görə, birincinin
həddindən artıq dolğunluğu 245%, ikincisinin isə 151,6% təşkil edir. Ümumilikdə
Fransa həbsxanaları da orta hesabla 126,4% yükləniblər.

Yeni qanun hazırlanacaq

Artan etirazlar fonunda hökumət 2025-ci ildə ölkədə yeni miqrasiya qanununun
qəbul edilməsini təklif edəcək. Bu barədə hökumət sözçüsü Mod Brejon bəyan
edib. 2025-ci ildə “yeni miqrasiya qanununa ehtiyac yaranacaq”, – deyə yeni
hökuməti təmsil edən Brejon BFMTV telekanalına bildirib. Hökumət sözçüsünün
sözlərinə görə, yeni mətnə Retayonun “təhlükəli qanunsuz əcnəbilərin inzibati
saxlama mərkəzlərində saxlanma müddətinin uzadılmasına kömək etmək” təklifi
daxil ediləcək ki, bu da maksimum saxlanma müddətini 90 gündən 210 günə qədər
artırmağa imkan verəcək. Brejon həmçinin qeyd edib ki, növbəti mətnə işçi
qüvvəsinin kəskin çatışmazlığı olan regionlarda qanunsuz işçilərin
leqallaşdırılması daxil ola bilər. Qanun mətni Milli Assambleya və Senatın
parlament qrupları ilə müzakirə ediləcək. “Milli Birlik” Barnye hökumətinə
etimadsızlıq göstərməkdən imtina etməsini yeni immiqrasiya qanununun
hazırlanmasından asılı edib. 2024-cü ilin yanvarında qüvvəyə minən son
immiqrasiya qanunu kəskin müzakirələrin mövzusu olub. O vaxt nisbi çoxluğa
malik olan Makronun partiyası qanunu ifrat sağçı “Milli Birliy”in bitərəf
qalması sayəsində qəbul etdirə bilmişdi.

Beləliklə, Fransa miqrasiya problemlərini aqressiv və sərt addımlarla həll
etməyə çalışır. Repressiv addımlarla insanları ölkədən çıxarmağa ümidlidir.
Lakin bu, problemləri həll edə biləcəkmi? Görünən odur ki, buna nail olmaq asan
olmayacaq.

Source link